Yaşlanan beyin zəifləmir - ARAŞDIRMA



Yeni araşdırma göstərib ki, yaşlılıqda müşahidə olunan yaddaş dəyişiklikləri geriləmə deyil, beynin topladığı təcrübələrdən daha səmərəli istifadə etmək üçün özünü yenidən optimallaşdırmasıdır.

AFN.az xəbər verir ki, ABŞ-ın Arizona Universitetinin nevroloqları irəli yaşlarda müşahidə olunan yaddaş dəyişikliklərinin beynin köhnəlməsi və ya geriləməsi anlamına gəlmədiyini, əksinə beynin topladığı təcrübələrdən daha səmərəli istifadə etmək üçün özünü yenidən strukturlaşdırdığını ortaya qoyublar.

Araşdırmada ənənəvi neyroelm çevrələri tərəfindən uzun müddətdir müdafiə olunan qocalığın kompensasiya və geriləmə dövrü olması tezisi təkzib edilib.

Alimlər uşaqlıq dövründə baş verən nevroloji sıçrayışların oxşarının irəli yaşlarda da baş verdiyini bildirərək, qocalmanın zehni qabiliyyət itkisi deyil, genetik olaraq qorunmuş adaptiv inkişaf mərhələsi olduğunu irəli sürüblər.

Araşdırmaya görə, insan yaşlandıqca beynin ani və detallı yaddaşı idarə edən hipokamp bölgəsi arxa plana keçir, ümumi bilik və təcrübələri emal edən ön beyin qabığı isə nəzarəti öz üzərinə götürür.

Hipokampın həddindən artıq enerji sərf edən struktur olduğuna diqqət çəkən tədqiqatçılar beynin resurslarından qənaətlə istifadə etmək və gənclik dövründə toplanmış böyük məlumat ehtiyatını təşkil etmək üçün şüurlu şəkildə vəzifə dəyişikliyi etdiyini müəyyənləşdiriblər.

Yaşlılıqda bəzi neyron əlaqələrinin və sinaps şəbəkələrinin zəifləmək əvəzinə nəzərəçarpacaq dərəcədə gücləndiyi müəyyən edilib. Beynin prioritetini gündəlik əhəmiyyətsiz detalları xatırlamaqdan çıxararaq sosial məlumatların ötürülməsinə, dərin təcrübəyə və sosial münasibətlərin idarə olunmasına yönəltdiyi müəyyənləşdirilib.

Araşdırmanın əsas müəllifi, psixoloq Fabian-Xose Fernandes bildirib ki, normal qocalmanı yalnız zehni çöküş və itki hekayəsi kimi qəbul etsək, böyük mənzərəni nəzərdən qaçırarıq. Onun sözlərinə görə, yaşlı beyin gənc beyindən daha fərqli funksiyalar, xüsusilə də toplanmış təcrübənin paylaşılması üçün optimallaşdırılıb.

Mütəxəssislər beynin bu təbii adaptasiya strategiyasının dəqiqləşdirilməsinin tibb dünyasında kritik bir mərhələni keçməyə imkan verəcəyini vurğulayıblar. Təbii və sağlam zehni yenidənqurmanın sərhədlərinin müəyyənləşdirilməsi ilə erkən mərhələlərində nəzarətsiz hipokamp aktivliyi ilə ortaya çıxan Alzheimer xəstəliyinin bioloji əlamətlərinin normal qocalma prosesindən daha erkən və dəqiq şəkildə fərqləndirilə biləcəyi bildirilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu