İnqilabi kəşf: İnsan beyni əslində iki ayrı orqandan ibarətdir
Stanford Universitetinin alimlərinin apardığı araşdırma insan beyninin inkişafı ilə bağlı mühüm nəticə ortaya qoyub.
AFN.az xəbər verir ki, tədqiqatçılar beynin ön və arxa hissələrinin embrional inkişafın çox erkən mərhələlərində bir-birindən fərqli öncül hüceyrə qruplarından yarandığını müəyyən ediblər.
Əvvəllər beynin tamamının vahid əsas öncül hüceyrə qrupundan inkişaf etdiyi düşünülürdü. Lakin tədqiqatçılar embrional inkişafın kritik mərhələlərindən biri olan qastrulyasiya zamanı iki fərqli hüceyrə qrupunun meydana gəldiyini müəyyən ediblər.
Bu hüceyrə qruplarından biri beynin ön hissəsini, digəri isə arxa hissəsini formalaşdıracaq şəkildə fərqlənirdi.
Araşdırmada sözügedən hüceyrə qruplarının genetik təlimatlarının da fərqli şəkildə tənzimləndiyi müəyyən edilib. Buna əsasən, beynin ön və arxa hissələri inkişaf zamanı fərqli bioloji yollar izləyir.
Stanford Universitetinin inkişaf bioloqu Kayl Loh beynin iki ayrı hissədən ibarət olmasının çox qədim inkişaf mexanizminin nəticəsi ola biləcəyini bildirib.
Tədqiqatçılar bu quruluşun təkamül tarixinin də olduqca qədim ola biləcəyini düşünürlər. İnsanlarla uzaq ortaq əcdada malik bəzi dəniz canlılarında oxşar sinir sistemi quruluşunun olması sözügedən inkişaf modelinin yüz milyonlarla il əvvələ dayana biləcəyinə işarə edir.
Beynin arxa hissəsi ürək döyüntüsü, tənəffüs və yuxu kimi avtomatik bədən funksiyalarında rol oynayarkən, ön və orta beyin dil, məntiq və mücərrəd düşüncə kimi daha mürəkkəb funksiyaları yerinə yetirir.
Araşdırmanın diqqətçəkən nəticələrindən biri də kök hüceyrələrlə bağlı olub.
Alimlər beynin arxa hissəsindəki hüceyrələrin necə inkişaf etdiyinə dair əldə edilən məlumatlar sayəsində insan kök hüceyrələrini laboratoriya şəraitində funksional arxa beyin motor neyronlarına çevirməyə nail olublar.
Bu üsul arxa beyindəki motor neyronların zədələndiyi amiotrofik lateral skleroz və spinal əzələ atrofiyası kimi neyrodegenerativ xəstəliklərin laboratoriya şəraitində modelləşdirilməsinə kömək edə bilər.
Tədqiqatçılar əldə edilən motor neyronların gələcəkdə bu xəstəliklərin mexanizmlərinin daha yaxşı başa düşülməsi və mümkün müalicələrin hazırlanması üçün istifadə edilə biləcəyini bildirirlər.
Nəticələr Nature Neuroscience jurnalında dərc olunub.
