Beynə elektrik verilməsi eqoistliyi azaldır - Yeni araşdırma



Sürix Universitetində aparılan yeni bir araşdırma beynin iki fərqli nahiyəsini stimullaşdırmaqla insanların daha az eqoist olmalarını təmin etməyin yolunu tapıb.

Araşdırma çərçivəsində 44 könüllüdən özləri ilə anonim bir ortaq arasında müəyyən miqdarda pulu necə bölüşdürəcəklərinə qərar vermələri istənilib. Təcrübə zamanı beynin ön və arxa hissələrində yerləşən frontal və paryetal nahiyələrə elektrik cərəyanı tətbiq edilib. Bu iki nahiyə eyni anda stimullaşdırıldıqda, iştirakçıların daha çox pul paylaşdıqları müşahidə olunub.

Təcrübəni həyata keçirənlərdən biri olan Professor Kristian Ruff qeyd edib ki, təsirlər çox böyük olmasa da, ardıcıldır və statistik cəhətdən fərdlərin paylaşma istəyində artım aşkar edilib.

Davranış dəyişikliyi və müalicə ümidi

Tədqiqatçılar əldə edilən tapıntıların təməl insan davranışlarının arxasındakı mexanizmləri işıqlandırmaqla yanaşı, bəzi beyin pozuntularının müalicəsində də faydalı ola biləcəyini proqnozlaşdırırlar. Professor Ruff bu üsulun başqalarının baxış bucağını nəzərə ala bilməyən və daim eqoistcəsinə davranan sosial davranış pozuntularına sahib şəxslərdə istifadə edilə biləcəyini ifadə edib.

Təcrübədə müşahidə olunan təsirlər qısamüddətli olsa da, mütəxəssislər uzunmüddətli dəyişiklik üçün bu prosesin təkrarlanmalı olduğunu vurğulayırlar. Ruff bu vəziyyəti idmana bənzədərək bildirib ki, tək bir məşq bədəni dəyişdirməz, lakin müntəzəm təkrar qalıcı nəticələr doğurar.

Empatiya və qərar qəbul etmə mexanizmi

Bu iş iştirakçıların pul paylaşma oyunu zamanı beyin fəaliyyətlərinin izlənildiyi əvvəlki araşdırmaya əsaslanır. Həmin araşdırmada müəyyən edilmişdi ki, daha çox pul paylaşıldıqda beynin qərar qəbul etmə və empatiya nahiyələri eyni tezlikdə ünsiyyət qurur. Yeni təcrübə ilə kənardan müdaxilə vasitəsilə bu nahiyələr arasındakı əlaqənin stimullaşdırıla biləcəyi və insanların daha fədakar qərarlara yönləndirilə biləcəyi sübut olunub.

Tədqiqat qrupunun üzvü Dr. Jie Hu işin ən yenilikçi tərəfinin səbəb-nəticə əlaqəsini ortaya qoyması olduğunu söyləyib. Hu vurğulayıb ki, hədəflənmiş və cərrahi müdaxilə tələb etməyən stimulyasiya ilə müəyyən bir beyin şəbəkəsindəki ünsiyyətin dəyişdirilməsi insanların öz mənafeləri ilə başqalarının mənafeləri arasındakı balansı necə qurduqlarına birbaşa təsir edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu