Uzun müddət oturmaq beyninizi kiçildə bilər: Yeni tədqiqatdan narahatedici nəticələr

ABŞ-da aparılan yeni elmi araşdırmaya görə, uzun müddət oturaq həyat tərzi yalnız fiziki deyil, eyni zamanda beyin sağlamlığı üçün də ciddi təhlükə yaradır. Mütəxəssislər bildirir ki, gündəlik idman etmək belə bu təsiri tamamilə aradan qaldırmaya bilər.
Vanderbilt Universiteti, Pittsburg Universiteti və Seul Milli Universiteti alimləri tərəfindən birgə aparılan tədqiqatda 50 yaş və üzəri şəxslərin oturma müddəti ilə beyin sağlamlığı arasındakı əlaqə araşdırılıb.
Beyin həcmində kiçilmə müşahidə olunub
Tədqiqat çərçivəsində 404 nəfər 50 yaşdan yuxarı könüllü bir həftə ərzində bədənlərinə taxılmış sensorlarla izlənib. Məlum olub ki, iştirakçıların 87%-i tövsiyə olunan həftəlik idman müddətini (ən azı 150 dəqiqə) yerinə yetirsə də, gün ərzində daha çox oturan şəxslərin beyin həcmi azalmış, yaddaş və öyrənmə ilə əlaqəli hipokampus bölgəsində incəlmələr baş vermişdir.
Bu bölgə, Alzheimer xəstəliyinin ilk təsir etdiyi beyin sahəsi olaraq tanınır.
Sadəcə idman kifayət deyil
Nevroloq Dr. Marissa Qoqniat mövzu ilə bağlı açıqlamasında bildirib ki, Alzheimer riskini azaltmaq yalnız idmanla mümkün deyil. Gündəlik oturma müddətini azaltmaq da eyni dərəcədə vacibdir.
Tədqiqat oturmaqla beyin sağlamlığı arasında birbaşa səbəb-nəticə əlaqəsi qurmasa da, hərəkətsizliklə yaşlanma prosesinin beyində daha sürətli irəlilədiyini göstərib.
Alimlər bildirir ki, genetik olaraq Alzheimer riskini daşıyan şəxslərdə bu təsir daha da güclü şəkildə özünü göstərir.
Vanderbilt Universiteti Tibb Mərkəzindən Dr. Anjela Ceferson isə qeyd edib ki, genetik risk daşıyanlar üçün gün ərzində tez-tez hərəkət etmək və oturmağa fasilələr vermək beyin sağlamlığını qorumaq üçün həyati əhəmiyyət daşıyır.
İdman hələ də vacibdir
Alimlər xatırladır ki, bu nəticələr idmanın əhəmiyyətini azaltmır. Əksinə, fiziki aktivlik həm bədənə, həm də zehinə müsbət təsir göstərir. Hətta az miqdarda belə olsa, hərəkətlilik beynin daha dayanıqlı olmasına kömək edir.
Lakin xüsusilə masa arxasında çalışan və ya passiv həyat tərzi keçirən insanların oturma müddətlərini azaltmaq üçün məqsədyönlü tədbirlər görməsi tövsiyə olunur.
Bu araşdırma beynəlxalq nüfuzlu “Alzheimer’s & Dementia” elmi jurnalında dərc olunub.