Yaponiya "Type-12" raketini F-2-lərə inteqrasiya edəcək
Yaponiya Müdafiə Nazirliyi modernləşdirmədən sonra mənzili min kilometrə çatan uzaqmənzilli "Type-12" gəmi əleyhinə raketinin aviasiya versiyasını silahlanmaya qəbul etməyi planlaşdırır.
AFN.az xəbər verir ki, bu barədə TASS agentliyi nazirliyin sənədlərinə istinadən məlumat yayıb.
Qurum 2027-ci maliyyə ili üçün büdcə sorğusunda bu məqsədlər üçün 34,5 milyard iyen (təxminən 215,23 milyon dollar) ayrılmasını xahiş edib.
Gözlənilir ki, bu cür silahları Yaponiyanın ən azı 10 ədəd "F-2" qırıcı-bombardmançı təyyarəsi əldə edəcək. Həmin 10 texnikanın aviasiya "Type-12" raketləri üçün modernləşdirilməsinə Yaponiya Müdafiə Nazirliyi 12,8 milyard iyen (təxminən 80 milyon dollar) vəsaitin ayrılmasını istəyir.
Ümumilikdə Yaponiya Müdafiə Nazirliyi 2027-ci maliyyə ili üçün 8,9 trilyon iyen (55,5 milyard dollar) məbləğində rekord büdcə sorğusu irəli sürüb. Əlaqədar xərclər nəzərə alınmaqla Yaponiyanın müdafiə xərclərinin 10,6 trilyon iyen (66,12 milyard dollar) həddini keçəcəyi gözlənilir.



