Böyük Britaniya: Ukraynaya möhkəm təhlükəsizlik zəmanətləri verilməlidir

Böyük Britaniyanın baş naziri Keir Starmer ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə telefon danışığında, Ukraynanın hər hansı sülh razılaşmasının bir hissəsi olaraq ərazi bütövlüyünü qorumaq üçün möhkəm və inandırıcı təhlükəsizlik zəmanətlərinə sahib olması gərəkdiyini bildirib.
Britaniya Baş Nazirliyi “10 Nömrə”dən yayılan yazılı açıqlamada qeyd olunub ki, Starmer ABŞ, Ukrayna, Fransa, Almaniya, İtaliya, Polşa, Finlandiya, NATO və Avropa İttifaqı liderləri ilə telefon danışıqları aparıb.
Açıqlamada bütün liderlərin bu həftənin Ukraynanın gələcəyi baxımından mühüm bir dönəm olduğu barədə razılığa gəldiyi vurğulanıb, Rusiya prezidenti Vladimir Putini danışıqlar masasına gətirmək səylərinə görə Trampa təşəkkür edildiyi bildirilib.
Böyük Britaniyanın Ukraynaya dəstəyinin sarsılmaz olduğu qeyd edilən açıqlamada “Beynəlxalq sərhədlər güc tətbiq edilərək dəyişdirilməməli və Ukrayna hər hansı razılaşmanın bir hissəsi olaraq ərazi bütövlüyünü qorumaq üçün möhkəm və inandırıcı təhlükəsizlik zəmanətlərinə sahib olmalıdır” deyilib.
Açıqlamada həmçinin Avropanın bunu dəstəkləməyə hazır olduğu, Ukraynada ədalətli və davamlı sülh üçün Tramp və Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə işləməyə davam ediləcəyi bildirilib.
Liderlərin Tramp və Putin arasında 15 avqustda Alyaskada keçiriləcək görüşdən sonra yenidən bir araya gəlməyi səbirsizliklə gözlədikləri də açıqlamada vurğulanıb.