KXDR: Regionda keçirilən hərbi təlimlər bizi müdafiə qabiliyyətini artırmağa vadar edir
ABŞ və müttəfiqlərinin KXDR yaxınlığında keçirdiyi hərbi təlimlər Pxenyanı müdafiə qabiliyyətini gücləndirməyin zəruriliyinə inandırır.
AFN.az Koreya Mərkəzi Xəbər Agentliyinə (CTAK) istinadən xəbər verir ki, bunu Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Con deyib.
Onun sözlərinə görə, ABŞ-ın rəhbərliyi ilə mütəmadi keçirilən hərbi təlimlər Koreya yarımadasında və Asiya-Sakit okean regionunda vəziyyətin gərginləşməsinin əsas amilidir.
Kim Yo Con bildirib ki, ABŞ-ın regionda qüvvələrini cəmləşdirərək nəzarəti ələ keçirməyə çalışması gərginliyin artmasına səbəb olan “qapalı dövrəni” davam etdirir.
O, xarici təhlükənin artmasına paralel olaraq KXDR-in fiziki hərbi imkanlarını da davamlı şəkildə gücləndirməli olduğunu deyib. Kim Yo Conun sözlərinə görə, düşmənlərin yaratdığı qeyri-sabit vəziyyət KXDR-in müdafiə siyasətinin düzgünlüyünü təsdiqləyir və ölkənin müdafiə qabiliyyətinin daim yenilənməsinin zəruriliyini göstərir.
Kim Yo Con həmçinin xəbərdarlıq edib ki, düşmənlərin hərbi fəaliyyətləri KXDR-in ali maraqlarına, hərbi suverenliyinə və regiondakı təhlükəsizlik vəziyyətinə ciddi təhdid kimi qiymətləndirilərsə, ölkənin silahlı qüvvələri konstitusion öhdəliklərinə uyğun tədbirlər görəcək və mümkün vasitələrdən istifadə edəcək.
Qeyd edək ki, sentyabrın 7-dən 11-dək Cənubi Koreya, ABŞ və Yaponiya Çeçudo adasının cənub və şərqində, beynəlxalq sularda “Freedom Edge” adlı üçtərəfli dəniz təlimləri keçirib.



