Apple-dan yeni model: iPhone və Mac almaq əvəzinə icarəyə götürülə biləcək



Apple texnologiya məhsullarının qiymətlərinin artması və istifadəçilərin cihazlarını daha uzun müddət saxlaması fonunda məhsullarını daha əlçatan etmək məqsədilə yeni icarə proqramına start verib.

AFN.az xəbər verir ki, Apple ödəniş platforması Klarna ilə əməkdaşlıq çərçivəsində iPhone, Mac, iPad və Apple Watch məhsulları üçün icarə seçimi təqdim edəcəyini açıqlayıb. İlk mərhələdə ABŞ-da istifadəyə verilən sistemə əsasən iPhone və Apple Watch modelləri 12 və ya 24 aylıq, Mac və iPad modelləri isə 24 və ya 36 aylıq müddətə icarəyə götürülə biləcək.

İcarə proqramına daxil edilən məhsullar arasında iPhone 17 seriyası, iPhone Air, Apple Watch Series 11, Apple Watch Ultra 3, MacBook Air, MacBook Pro, iMac, Mac Studio, iPad Air, iPad Pro və iPad Mini yer alır.

iPhone 16, MacBook Neo, standart iPad və Apple Watch SE kimi daha münasib qiymətli məhsullar isə proqram çərçivəsinə daxil edilməyib.

Yeni icarə modeli istifadəçilərə 12 aylıq ödənişdən sonra cihazlarını daha yeni modellərlə əvəz etməyə imkan verən əvvəlki iPhone Yeniləmə Proqramının yerini tutur.

Yeni sistem vasitəsilə ödəniş müddətlərinin daha çevik hala gətirilməsi, aylıq xərclərin azaldılması və proqramın daha geniş məhsul çeşidini əhatə etməsi hədəflənir.

Sektor nümayəndələrinin fikrincə elektron cihazların qiymətlərində artım gözləntiləri və cihazların yenilənmə müddətlərinin uzanması istehlakçıların texnoloji məhsullara iri məbləğli alış kimi deyil, aylıq abunə xidmətinin bir hissəsi kimi yanaşmasına səbəb ola bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu