Rutte: NATO Ukrayna danışıqlarında iştirak edir


NATO-nun baş katibi Mark Rutte Alyansın Ukraynada sülh danışıqlarına töhfə verə biləcəyi bütün hallarda prosesdə iştirak etdiyini bildirib.

AFN.az xəbər verir ki, o, hər görüşdə NATO-nun iştirakının faydalı olub-olmayacağını ayrıca qiymətləndirdiklərini deyib.

Rutte Brüsseldəki qərargahda Böyük Britaniya və Almaniyanın həmsədrliyi ilə keçiriləcək Ukrayna Müdafiə Təmas Qrupunun iclası öncəsi jurnalistlərə açıqlama verib.

Ukraynada sülhün təmin olunması üçün çoxsaylı şəxslərin ciddi səylər göstərdiyini bildirən Rutte bu prosesdə ölkənin qışı keçirə bilməsi və sülh danışıqlarında mümkün qədər güclü mövqedə olması üçün ehtiyaclarının qarşılanmasının vacibliyini vurğulayıb.

Rutte Ukraynaya hərbi dəstəyin mümkün olan ən yüksək sürətlə davam etdirilməli olduğunu qeyd edib və günün ikinci yarısında müsbət açıqlamaların veriləcəyinə ümidvar olduğunu bildirib.

İclasdan sonra nəticələri açıqlayacaqlarını deyən Rutte əsas məqsədin Ukraynanın həm döyüş meydanında, həm də sülh danışıqlarında mümkün qədər güclü olması olduğunu vurğulayıb.

Ukraynanın bəzi ərazilərdən imtina etməsi müqabilində NATO-ya üzv olması ideyasının ABŞ nümayəndələri tərəfindən gündəmə gətirildiyi barədə iddialarla bağlı suala cavabında Rutte danışıqlara dair mətbuatda yayılan bütün xəbərləri şərh etməyəcəyini bildirib.

Danışıqların hazırkı vəziyyətindən danışan Rutte ABŞ-ın bu prosesdə mühüm rol oynadığını qeyd edib. O, ABŞ Prezidenti Donald Trampın adından fəaliyyət göstərən Sülh üzrə xüsusi nümayəndə Stiv Uitkoff və onun kürəkəni, xüsusi nümayəndə Cared Kuşnerin işinin son dərəcə əhəmiyyətli olduğunu deyib. Rutte avropalıların prosesə dəstək verdiyini, artıq danışıqlar masasında yer aldıqlarını və NATO-nun faydalı ola biləcəyi bütün mərhələlərdə iştirak etdiyini vurğulayıb.

Fransa Prezidenti Emmanuel Makronun Avropa liderlərinin Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüşməli olduğuna dair açıqlaması barədə suala cavab verən Rutte Avropanın artıq danışıqlar masasında olmasını müsbət qiymətləndirib. O, bunun Əbu-Dabidə əldə olunan nəticələrdən biri olduğunu bildirib. Rutte ötən cümə günü Aİ sammiti çərçivəsində bir araya gələn avropalıların kifayət qədər yaxşı təşkilatlandığını qeyd edərək, bu istiqamətdə irəliləməyin vacibliyini vurğulayıb.

Ukraynanın istifadə etdiyi Starshield və Starlink peyk rabitəsi xidmətlərində məhdudiyyətlərin yaranması ilə bağlı suala cavabında Rutte aidiyyəti tərəflərin vəziyyəti mümkün qədər tez normallaşdırmaq üçün intensiv çalışdığını bildirib.

NATO-nun töhfə verə biləcəyi bütün hallarda kömək etməyə hazır olduğunu deyən Rutte məhdudiyyətlərin səbəbi və məsul tərəflərlə bağlı əlavə məlumat verməyib.

Ukraynanın Krım körpüsünə hücumuna da toxunan Rutte ölkənin özünü müdafiə etməsinin vacib olduğunu və bunun logistika məntəqələrinin hədəfə alınmasını da əhatə etdiyini bildirib. O, mətbuatda yayılan görüntülərin hücumun uğurlu olduğunu göstərdiyini, lakin baş verənlərin tam mənzərəsini görmək lazım gəldiyini qeyd edib.

ABŞ Müdafiə Nazirliyinin rəsmisi Elbric Kolbinin iclasda iştirakına münasibət bildirən Rutte onun avqustun sonunda NATO səfirlərinə ABŞ-ın hərbi qüvvələrinin yerləşdirilməsi ilə bağlı araşdırma barədə məlumat verdiyini və paytaxtlarla intensiv iş apardığını söyləyib.

Rutte araşdırmanın qarşıdakı həftələrdə və ya bir ay ərzində müsbət nəticələnəcəyini düşündüyünü bildirib və Kolbinin fəaliyyətinin son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.

Rusiyanın Ukraynada fransalı hərbçilərin yerləşdirilməsini müharibədə birbaşa iştirak kimi qiymətləndirməsi ilə bağlı suala cavabında Rutte Moskvadan gələn açıqlamaları hər zaman çox ciddi qəbul etmədiyini deyib.

Rutte Fransanın NATO çərçivəsində və ikitərəfli səviyyədə Ukraynaya göstərdiyi dəstəyi yüksək qiymətləndirib. O, Makronun, Fransa hökumətinin və Fransa Silahlı Qüvvələrinin Ukraynanın mühüm tərəfdaşları olduğunu bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu