ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi daxili şəbəkəsində ciddi nasazlıq yaranıb



ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi məlumatların saxlanması və paylaşılması üçün istifadə etdiyi NSA Net daxili şəbəkəsində fasilə yaranıb. 

AFN.az xəbər verir ki, hadisədən sonra agentliyin mərkəzi qərargahında çalışan bəzi əməkdaşların işə mərhələli şəkildə başlaması barədə qərar qəbul edilib, ilkin araşdırmalar isə nasazlığın kiberhücumdan qaynaqlanmadığını göstərir.

ABŞ rəsmilərinin verdiyi məlumata görə, qurumdaxili ünsiyyət və məlumat mübadiləsi üçün istifadə olunan NSA Net şəbəkəsi fəaliyyətini dayandırıb. Fasilənin nə vaxt başladığı və sistemin tam gücü ilə nə zaman yenidən işə düşəcəyi hələlik məlum deyil.

Məsələ ilə tanış olan iki mənbə ilkin qiymətləndirmələrə əsasən, nasazlığın arxasında kiberhücumun dayandığını göstərən heç bir sübutun olmadığını bildirib. Həmin mənbələrin sözlərinə görə, problem sistemə planlı yeniləmələrin quraşdırılması zamanı yaranıb. Bununla belə, hadisənin bütün təfərrüatları hələ aydınlaşdırılmayıb.

Nasazlıq səbəbindən Merilend ştatındakı Fort-Mid hərbi bazasında çalışan, fövqəladə vəzifələri olmayan əməkdaşlar üçün işə mərhələli başlama qaydası tətbiq edilib. Qurum daxilində Kod Boz adlandırılan bu tədbirlə sistemdə problem olduğu müddətdə çoxsaylı əməkdaşın eyni vaxtda kompüterlərinə daxil olmasının qarşısının alınması hədəflənir.

Proses ərzində bəzi fəaliyyətlərin ölkə üzrə NSA-nın digər obyektlərinə yönləndirildiyi bildirilir. Xarici siqnal kəşfiyyatı məlumatlarını toplamaq, kiber təhdidlərə qarşı mübarizə aparmaq və ABŞ hökumətinin kommunikasiyalarını qorumaq vəzifələrini yerinə yetirən agentlik hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu