Rusiyaya casusluqda şübhəli bilinən ABŞ hərbçisi Amerika ordusuna təhvil verilib



İngiltərədə Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinərək saxlanılan ABŞ hərbçisi Amerika ordusunun nəzarətinə verilib. 

AFN.az xəbər verir ki, 41 yaşlı hərbçi ilə bağlı bu qərar Britaniya polisi tərəfindən aparılan araşdırmadan sonra qəbul edilib.

London Metropoliten Polisinin açıqlamasında noyabrın 10-da İngiltərənin Qlosterşir bölgəsində saxlanılan ABŞ hərbçisi ilə bağlı yeni məlumatlar paylaşılıb.

Bildirilib ki, ötən həftə casusluq iddiaları ilə əlaqədar İngiltərənin Terrorla Mübarizə Polisi (CTP) tərəfindən saxlanılan şəxs ABŞ ordusunun nəzarətinə verilib.

Məsələ ilə bağlı açıqlama verən CTP-nin direktor müavini Lourens Teylor polis araşdırmasından sonra işin prokurorluğa göndərildiyini bildirib. Onun sözlərinə görə, britaniyalı prokuror məsələni amerikalı həmkarları ilə müzakirə edib.

Teylor irəli sürülən iddiaların çox ciddi olduğunu vurğulayıb. ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kaş Patel isə bildirib ki, FTB ABŞ-a verdiyi anda xəyanət edərək ölkənin milli təhlükəsizliyini riskə atan şəxslərə qarşı sıfır tolerantlıq nümayiş etdirir.

Patelin sözlərinə görə, sözügedən hərbçi FTB, Britaniyanın daxili kəşfiyyat xidməti MI5, Terrorla Mübarizə Polisi, Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat bölməsi və ABŞ ordusunun Əks-Kəşfiyyat Komandanlığının əməkdaşlığı nəticəsində saxlanılıb.

Qeyd edək ki, noyabrın 10-da İngiltərədə 41 yaşlı ABŞ hərbçisi Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılmışdı. Onun məxfi məlumatları əldə etmək və ya yaymaq, eləcə də xarici kəşfiyyat xidmətinə yardım etməkdə şübhəli bilindiyi açıqlanmışdı. Qlosterşir bölgəsində iki ünvanda axtarış aparıldığı da bildirilmişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu