Apple-ın App Store və Apple Music xidmətlərində fasilələr yaranıb
ABŞ-ın texnologiya nəhəngi Apple-ın App Store tətbiq mağazası və Apple Music musiqi xidməti də daxil olmaqla bir sıra platformalarında giriş problemləri yaşandığı bildirilir.
AFN.az xəbər verir ki, istifadəçilər şirkətin müxtəlif xidmətlərində yaranan nasazlıqlarla bağlı kütləvi şikayətlər ediblər.
Downdetector saytının məlumatlarına görə, Bakı vaxtı ilə saat 21:00 radələrində Apple-ın bəzi xidmətlərinə girişdə problemlərin yarandığı barədə istifadəçi bildirişləri daxil olmağa başlayıb.
Minlərlə istifadəçi Apple Support, iCloud, Apple Pay, App Store, Apple Business Manager və Apple Store xidmətlərində problemlərlə üzləşdiklərini bildirib.
Apple-ın sistemlərin vəziyyəti ilə bağlı yenilikləri paylaşdığı rəsmi internet səhifəsində App Store və Apple Music xidmətlərində Bakı vaxtı ilə saat 20:45-dən etibarən fasilə yarandığı qeyd olunub. Bildirişdə bu xidmətlərin yavaş işləyə və ya ümumiyyətlə əlçatan olmaya biləcəyi barədə xəbərdarlıq edilib.
Həmin səhifədə AppleCare on Device xidmətində də Bakı vaxtı ilə saat 20:15-dən etibarən nasazlıq yarandığı bildirilib. Bundan başqa, saat 20:45-dən etibarən iCloud hesablarına giriş zamanı bütün istifadəçilərə təsir edən problemlərin yaşandığı qeyd olunub.
Apple Bloomberg-ə açıqlamasında yaranmış fasilələrin kiberhücumla əlaqəli olmadığını bildirib.
