“Apple” Rusiyanın bəzi məşhur sosial media tətbiqlərini “App Store”dan çıxarıb



ABŞ-nin texnologiya nəhəngi “Apple” Rusiyanın ən geniş istifadə olunan sosial media platformalarından olan “VK” və şirkətə məxsus bir neçə tətbiqi rəqəmsal mağazası “App Store”dan kənarlaşdırıb.

AFN.az xəbər verir ki, mövzu ilə bağlı “VK” şirkəti tərəfindən rəsmi bəyanat yayılıb.

Açıqlamada “Apple”ın hər hansı bir əvvəlcədən xəbərdarlıq etmədən, birtərəfli qaydada şirkətin tətbiqlərini platformadan sildiyi bildirilib.

Qərardan sonra “Apple” cihazlarına yüklənməsi və yenilənməsi dayandırılan xidmətlər aşağıdakılardır:

VK (VKontakte)

Zen

VK Video

VK Messenger

VK Music

VK Dating

Odnoklassniki

“VK” rəhbərliyi şirkətin heç bir sanksiya siyahısında yer almadığını xatırladaraq, “Apple”ın bu addımı ilə rusiyalı istifadəçilərin gündəlik olaraq ən çox müraciət etdiyi rəqəmsal xidmətlərə çıxışını əsassız yerə məhdudlaşdırdığını vurğulayıb.

Tətbiqlərin yenilənə bilməməsi səbəbindən istifadəçilərin mesajlaşma və mühüm bildirişləri almaqda problem yaşaya biləcəyi qeyd olunan bəyanatda “Apple”ın rusiyalı istifadəçilərə yönəlmiş bu hərəkəti əsassız və qəbuledilməz adlandırılıb.

Qeyd edək ki, “Apple” daha əvvəl də Rusiyanın bir çox dövlət və özəl şirkətlərinə məxsus tətbiqləri “App Store”dan çıxarıb, buna cavab olaraq isə Rusiya ölkə daxilində “Facebook”, “Instagram”, “YouTube”“X” kimi qlobal platformalara giriş məhdudiyyəti tətbiq edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu