Durov: Apple xəbərdarlıq etmədən Telegram-ı App Store-dan çıxardı



Telegram platformasının təsisçisi və baş icraçı direktoru Pavel Durov bildirib ki, Apple şirkətinin Telegram tərtibatçıları ilə əlaqə saxlamadan tətbiqi qısa müddətə App Store-dan çıxarması istifadəçi məzmunu təqdim edən bütün mobil tətbiqlər üçün sistemli risk yaradır.

AFN.az xəbər verir ki, Durov bu barədə yazılı açıqlamasında Apple-ın qərarını dəyərləndirib.

Durovun sözlərinə görə, Telegram bir istifadəçinin ictimai qrupa qanunsuz böyüklər üçün nəzərdə tutulmuş məzmun yerləşdirməsindən sonra qısa müddətə App Store-dan çıxarılıb. O bildirib ki, həmin istifadəçi köhnə bir mesajı süni intellekt vasitəsilə dəyişdirilmiş məzmunla redaktə edib.

Durov qeyd edib ki, bu üsulla hazırlanan məzmun qrup üzvlərindən gizlədilib və vaxtında şikayət edilməsinin qarşısı alınıb. Onun iddiasına görə, həmin şəxs daha sonra qrup administratorlarından pul tələb edib.

Telegram rəhbəri vurğulayıb ki, platforma istifadəçi şikayətləri, süni intellekt filtrləri və digər nəzarət mexanizmləri sayəsində qanunsuz məzmunu operativ şəkildə silir. O əlavə edib ki, bu cür məzmun Telegram-da sistemli problem təşkil etmir.

Durov diqqətə çatdırıb ki, Apple bir milyarddan çox istifadəçisi olan Telegram tətbiqini tərtibatçılarla əvvəlcədən əlaqə saxlamadan tətbiq mağazasından çıxarıb. Onun sözlərinə görə, bu vəziyyət istifadəçi məzmununa yer verən bütün mobil tətbiqlər üçün potensial sistemli risk yaradır.

Apple isə açıqlamasında Telegram-ın uşaqlara qarşı cinsi istismar xarakterli məzmunla bağlı qaydaları pozduğu səbəbindən tətbiqin qısa müddətə App Store-dan çıxarıldığını bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu