Mars kraterlərində sıldırım qayalıqlarla əhatələnmiş qədim buzlaqlar aşkarlanıb



Marsın səthində sıldırım qayalıqları xatırladan yeni geoloji strukturlar aşkar edən beynəlxalq tədqiqatçılar bu formasiyaların qədim buzlaq kütlələrini gizlədə biləcəyini açıqlayıblar. 

AFN.az xəbər verir ki, əldə olunan nəticələr Qırmızı planetin keçmiş iqlim dövrlərini öyrənməyə kömək etməklə yanaşı, gələcək insanlı missiyalar üçün su mənbələrinin mövcudluğuna da işarə edir.

Earth and Planetary Science Letters jurnalında dərc olunan araşdırmada Marsın şimal yarımkürəsindəki Alba Mons vulkanının ətrafında yerləşən dik yamaclı 29 geoloji struktur tədqiq edilib. Hazırda atmosferi maye suyun mövcudluğuna imkan verməyəcək qədər nazik və soyuq olan planetdə səth buzlaqları ilə yanaşı, yer qabığının altında da geniş buz ehtiyatlarının olduğu düşünülür.

Tədqiqatçılar NASA-nın Mars Reconnaissance Orbiter və Avropa Kosmik Agentliyinin (ESA) ExoMars Trace Gas Orbiter peyklərindən əldə edilən məlumatlar əsasında 738 krateri araşdırıblar. İki peykin görüntülərindən üçölçülü xəritələr hazırlanıb, strukturların necə formalaşdığını anlamaq üçün kompüter modellərindən istifadə olunub və İslandiyadakı oxşar geoloji formalarla müqayisə aparılıb.

Analizlərə əsasən, sözügedən 29 struktur süxur, toz və qalıqlarla örtülmüş buz kütlələrindən ibarətdir. Üzərlərindəki bu təbəqənin buzu atmosfer təsirlərindən qoruduğu bildirilir. Həmçinin həmin strukturların Marsın nisbətən yaxın keçmişdə yaşadığı soyuq dövrdə yaranmış ola biləcəyi qeyd edilir. Bəzi buzlaq yamaclarının uzunluğu 3 kilometrə çatır, strukturlar isə hündürlüyü 209 metrə qədər olan sıldırım qayalıqlarla başa çatır.

Tədqiqatçılar bu strukturların daxili quruluşu və dinamikasının Marsın gec Amazon dövründəki iqlim təkamülünü əks etdirə biləcəyini bildirirlər. Planetin fırlanma oxunun meyilliyindəki dəyişikliklərin tarixi dövrlərdə temperaturun paylanmasına və buz kütlələrinin hərəkətinə təsir göstərdiyi vurğulanır. Bəzi qayalıqların ətəklərində krater kənarlarından düşən süxurların toplandığı da müşahidə edilib.

Buzun harada yerləşdiyi və hansı qalınlıqda təbəqə ilə örtüldüyü barədə məlumatlar Marsdakı su ehtiyatlarına çıxış əldə etməyi hədəfləyən gələcək missiyalar üçün böyük əhəmiyyət daşıyır. Alimlər növbəti mərhələdə Alba Mons kraterlərinin daha ətraflı görüntülərini toplamağı, planetin digər bölgələrində oxşar strukturları axtarmağı və İslandiyadakı uyğun geoloji formaları yenidən araşdırmağı planlaşdırırlar.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu