Putin APEC sammitində iştirak etmək üçün Şençjenə gəlib
Rusiya Prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) liderlərinin sammitində iştirak etmək üçün Çinin Şençjen şəhərinə gəlib.
AFN.az xəbər verir ki, Rusiya lideri noyabrın 18-19-da şəhərdə bir sıra tədbirlərdə iştirak edəcək.
Rusiya dövlət başçısı APEC liderlərinin sammiti çərçivəsində keçirilən tədbirlərdə iştirak edəcək. Putin, xüsusilə, Biznes Forumunda və sammitin plenar iclasında çıxış edəcək, həmçinin tədbirlə bağlı protokol mərasimlərinə qatılacaq.
Bundan başqa, Putin Çin Xalq Respublikasının sədri Si Cinpinlə ikitərəfli Rusiya-Çin danışıqları aparacaq. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun daha əvvəl açıqladığı kimi, liderlər nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək görüşdə iqtisadi əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəklər. Daha sonra işgüzar səhər yeməyi formatında, məhdud tərkibdə beynəlxalq siyasi gündəlikdəki məsələlər ətraflı nəzərdən keçiriləcək.
Bu günlərin əsas hadisəsi isə Putin, Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında tarixdə ilk üçtərəfli görüş olacaq. Tərəflər bu görüşə ciddi şəkildə hazırlaşırlar.
Bu tədbirlərlə yanaşı, Putinin proqramında bir neçə ikitərəfli görüş də nəzərdə tutulub. Donald Trampla ayrıca görüşün keçirilməsi də istisna edilmir, lakin bunun formatı hələ razılaşdırılmalıdır. Proqramda artıq Vyetnam lideri To Lam və Tailandın Baş naziri Anutin Çanvirakunla görüşlər planlaşdırılıb. Digər təmasların, o cümlədən ayaqüstü söhbətlərin də baş tutması mümkündür.


