Braziliyada olay: qədim qəbilə meşədən çıxdı - VİDEO
Braziliyanın şimal-şərqində yerləşən Maranyan əyalətində uzun müddətdir müasir cəmiyyətdən təcrid olunmuş vəziyyətdə yaşayan Ava-Quaja icmasının üzvləri gözlənilmədən meşədən çıxaraq kəndə gəliblər.
AFN.az xəbər verir ki, yerli icmanın nümayəndələri Quajajara xalqının məskunlaşdığı Tavari kəndinə baş çəkiblər.
Təxminən 20 nəfərin iştirak etdiyi görüşdə kişilər, qadınlar və uşaqlar olub. Kənd sakinlərinin çəkdiyi görüntülərdə qrup üzvlərindən bəzilərinin ox və yay daşıdığı görünür.
Kənd sakinləri gələnlərə meyvə və yerarmudu təqdim ediblər. Ərzaqları götürən icma üzvləri bundan sonra yenidən meşəyə qayıdıblar. Bu qarşılaşma son illərdə bölgədə qeydə alınan ən diqqətçəkən hadisələrdən biri hesab olunur.
Maranyan Yerli Xalqlar Təşkilatlarının Koordinasiyasının nümayəndələri qrupdakı bəzi uşaqların və yaşlıların nəzərəçarpacaq dərəcədə arıqladığını, fiziki baxımdan zəif göründüyünü bildiriblər. Ehtimal olunur ki, onlar qida çatışmazlığı ilə üzləşdikləri üçün kömək axtarmaq məqsədilə kəndə gəliblər.
Bölgədə qanunsuz ağac kəsilməsi, brakonyerlik və kənar müdaxilələr isə yerli icmaların ənənəvi həyat tərzini və yaşadıqları təbii mühiti ciddi təhlükə ilə üz-üzə qoyur.
Hadisədən sonra Braziliya Milli Yerli Xalqlar Fondu bölgədə mühafizə tədbirlərini gücləndirib, əraziyə xüsusi təhlükəsizlik qrupları göndərib. Səhiyyə qurumları ilə birgə mümkün böhran hallarına operativ müdaxilə üçün koordinasiya mexanizmi də yaradılıb. Bundan başqa, kənar şəxslərin əraziyə nəzarətsiz daxil olmasının qarşısını almaq üçün tədbirlər görülüb.
Rəsmilər xəbərdarlıq ediblər ki, xarici dünya ilə təması olmayan yerli icmaların adi yoluxucu xəstəliklərə qarşı immun müdafiəsi zəifdir. Buna görə də onlarla təsadüfi təmas belə ağır, hətta ölümcül nəticələrə səbəb ola bilər.

