Kaliforniyada Waymo-nun magistral yollara çıxışı dayandırılıb


Kaliforniya ştatı Waymo şirkətinin sürücüsüz avtomobillərinə magistral yollarda hərəkət etməyi müvəqqəti qadağan edib.

AFN.az xəbər verir ki, bu qərar şirkətin üç avtomobilinin aktiv yol tikintisi sahəsinə daxil olması da daxil olmaqla, təhlükə yaradan bir sıra hadisələrdən sonra qəbul edilib.

Kaliforniya Motorlu Nəqliyyat Vasitələri Departamenti (DMV) noyabrın 11-də Waymo-ya düzəldici tədbirlər görülənədək ştatın magistral yollarında avtomobillərinin fəaliyyətini dayandırmaq barədə göstəriş verib. Qərarın məqsədi daha çox təhlükəli vəziyyətin yaranmasının qarşısını almaqdır.

DMV-nin açıqlamasında bildirilib ki, şirkətin avtomobillərinin tikinti işçilərinin, nəqliyyat vasitələrinin və avadanlıqların olduğu aktiv tikinti sahələrinə dəfələrlə daxil olması Waymo-nun sürücüsüz avtomobillərlə magistral yollarda fəaliyyətini ictimai təhlükəsizlik üçün birbaşa təhdidə çevirib.

DMV Waymo avtomobillərinin təhlükə yaratdığı son iki hadisəyə xüsusi diqqət çəkib. Açıqlamaya görə, bu ayın əvvəlində şirkətə məxsus avtomobillərdən biri Körfəz bölgəsindəki Interstate 280 magistralında maneə qurmağa çalışan Kaliforniya Yol Patrul Xidmətinin avtomobillərini ötüb keçməyə cəhd edib.

Departament digər hadisədə isə üç Waymo avtomobilinin Körfəz bölgəsində, Burlingame şəhəri yaxınlığındakı 101 nömrəli magistral yolun aktiv tikinti sahəsinə daxil olaraq işçiləri və avadanlıqları təhlükə altında qoyduğunu bildirib.

DMV qeyd edib ki, bu hadisə oxşar insidentlərdən sonra tətbiq edilən əvvəlki məhdudiyyətlərə və düzəldici tədbirlərə baxmayaraq baş verib.

Waymo may ayında tikinti sahələrində avtomobillərinin reaksiyasını yaxşılaşdırmaq məqsədilə San-Fransisko və Los-Anceles də daxil olmaqla bir neçə şəhərdə magistral yollardakı fəaliyyətini müvəqqəti dayandırmışdı.

DMV-nin bildirdiyinə görə, Waymo-nun magistral yollarda fəaliyyətini bərpa etməsinə icazə verilməzdən əvvəl şirkət avtomobillərinin tikinti sahələrini, təcili yardım və digər xüsusi təyinatlı nəqliyyat vasitələrini, eləcə də fərqli yol şəraitini təhlükəsiz şəkildə müəyyənləşdirib onlara reaksiya verə bildiyini təsdiqləyən kifayət qədər sübut təqdim etməlidir.

ABC News-a açıqlama verən Waymo şirkəti təhlükəsizliyin bütün fəaliyyətlərinin əsasını təşkil etdiyini bildirib. Şirkət DMV-nin diqqət çəkdiyi son hadisələrdə heç kimin xəsarət almadığını və toqquşma baş vermədiyini qeyd edib.

Şirkətin açıqlamasında təhlükəsizlik prinsiplərinə uyğun olaraq fəaliyyət göstərdikləri digər bazarlarda da magistral yollardakı əməliyyatların müvəqqəti məhdudlaşdırıldığı bildirilib. Bu addımın məqsədinin şirkətin fəaliyyət göstəricilərini qiymətləndirmək olduğu vurğulanıb.

Waymo avtomobil sifarişi xidmətinin şəhərdaxili küçə və yollarda davam edəcəyini açıqlayıb. Şirkət magistral yollardakı fəaliyyətini bərpa etmək üçün Kaliforniya DMV-si və digər ştat rəsmiləri ilə diqqətli və məsuliyyətli şəkildə əməkdaşlıq etdiyini bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu