“Amerikada Azərbaycan izləri” layihəsi icra olunur
Azərbaycanın milli-mədəni irsinin qorunması, mühacirət tarixinin araşdırılması və xarici ölkələrdə formalaşmış Azərbaycan icmalarının tarixi keçmişinin öyrənilməsi istiqamətində həyata keçirilən “Amerikada Azərbaycan izləri” layihəsi çərçivəsində Çapar – Milli İrsin Tədqiqi Mərkəzinin nümayəndələri Amerika Birləşmiş Ştatlarında tədqiqat səfərindədirlər.
Mərkəzdən AFN.az-a verilən məlumata görə, layihənin əsas məqsədi XX əsrdə Azərbaycandan ABŞ-yə mühacirət etmiş soydaşlarımızın həyat və fəaliyyətini kompleks şəkildə araşdırmaq, onların Amerika cəmiyyətindəki mövqeyini, ictimai, elmi, mədəni fəaliyyətlərini, Azərbaycan milli kimliyinin və tarixi yaddaşının qorunmasındakı rolunu üzə çıxarmaqdır. Eyni zamanda, müxtəlif tarixi səbəblərdən vətənlərini tərk edərək ABŞ-də məskunlaşmış azərbaycanlıların həyat hekayələrinin sənədləşdirilməsi, onların ailə tarixlərinin və nəsillərarası irsinin öyrənilməsi layihənin başlıca istiqamətlərindən birini təşkil edir.
Layihənin mühüm nəticələrindən biri “Bound for America: Stories of Early Immigrants from Azerbaijan (1900–1950)” adlı kitabın hazırlanması və nəşridir. Nəşr XX əsrin birinci yarısında ABŞ-yə mühacirət etmiş Azərbaycan mənşəli şəxslərin həyat hekayələrini, onların mühacirət yollarını, yeni mühitə uyğunlaşma proseslərini və Amerika cəmiyyətindəki fəaliyyətlərini əhatə edir. Kitabın hazırlanması zamanı müxtəlif mənbələrdən, tarixi sənədlərdən, qəzet materiallarından, fotoşəkillərdən və şəxsi arxivlərdən istifadə olunub. Əsas məqsəd ayrı-ayrı insanların bioqrafiyalarını təqdim etməklə yanaşı, onların timsalında Azərbaycan mühacirətinin tarixi mənzərəsini ortaya qoymaqdır.
ABŞ-də həyata keçirilən tədqiqat səfəri kitabın nəşri ilə yekunlaşmır. Əksinə, nəşrdə təqdim olunan məlumatların daha da genişləndirilməsi, yeni şəxslərin və ailələrin tarixinin araşdırılması, mövcud məlumatların əlavə sənədlərlə dəqiqləşdirilməsi və Azərbaycan mühacirət tarixinə dair yeni faktların elmi dövriyyəyə daxil edilməsi layihənin növbəti mərhələsini təşkil edir. Bu baxımdan səfər həm indiyədək aparılmış araşdırmaların davamı, həm də gələcək tədqiqatlar üçün yeni mənbələrin əldə edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Səfər proqramı çərçivəsində ABŞ-də yaşamış azərbaycanlı mühacirlərin ailə üzvləri və onların övladları, eləcə də sonrakı nəsillərin nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Bu görüşlər zamanı ailələrdə qorunub saxlanılan sənədlərin, fotoşəkillərin, məktubların, xatirələrin və digər şəxsi materialların araşdırılması, mühacirlərin həyat yolları haqqında məlumatların toplanması planlaşdırılır. Şifahi tarix metodundan istifadə etməklə ailə üzvlərinin xatirələrinin qeydə alınması da layihənin mühüm istiqamətlərindən biridir.
Tədqiqat səfərinin diqqət yetiriləcək digər istiqamətlərindən biri də ABŞ-də dəfn edilmiş azərbaycanlı mühacirlərin məzarlarının və onların dəfn olunduğu tarixi məzarlıqların araşdırılmasıdır. Bu çərçivədə mühacirlərin məzarlarının müəyyənləşdirilməsi, qəbirüstü yazıların və məlumatların qeydə alınması, fotoşəkillərinin çəkilməsi, dəfn tarixləri və bioqrafik məlumatlarının dəqiqləşdirilməsi nəzərdə tutulur. Bu araşdırmalar vasitəsilə ABŞ-də yaşamış azərbaycanlıların fərdi həyat tarixlərinin bərpası, onların xatirəsinin yaşadılması və mühacirət irsinin maddi izlərinin sənədləşdirilməsi hədəflənir.
“Amerikada Azərbaycan izləri” layihəsi Çapar – Milli İrsin Tədqiqi Mərkəzi tərəfindən həyata keçirilir. Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

