Bir milyon manat ayrılıb, cəmi səkkiz mini xərclənib - Hesablama Palatası


Azərbaycanda 2025-ci ildə işsizlikdən sığorta ödənişi təyin edilmiş vətəndaşlara vəsait tam ödənilməyib. 2026-cı ildə isə həssas qrupların məşğulluğu ilə bağlı bir sıra tədbirə ayrılmış vəsaitin böyük hissəsinin istifadəsiz qalacağı gözlənilir.

AFN.az oxu.az-a istinadən xəbər verir ki, bu məqamlar Hesablama Palatasının İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcə layihəsinə verdiyi rəydə əksini tapıb.

Sənədə əsasən, palata əvvəlki rəyində sığorta ödənişləri alacaq şəxslərin sayı ilə bu məqsədlə tələb olunan vəsait üzrə artım proqnozlarının uyğun gəlmədiyini bildirmişdi. Lakin həmin qeydlər nəzərə alınmayıb. Beləliklə, 2025-ci ildə hesablanmış sığorta ödənişləri ilə müqayisədə daha az vəsait xərclənib. Hesabatlarda həmin il üçün nəzərdə tutulmuş 17 milyon manatın tam icra edildiyi göstərilib.

Bununla belə, ayrılmış məbləğ təyin olunmuş ödənişlərin tam verilməsinə kifayət etməyib. İl ərzində fondun büdcəsinə yenidən baxılması imkanından istifadə olunmaması vətəndaşlara vəsaitin tam ödənilməməsi ilə nəticələnib.

Rəydə ödənilməmiş məbləğin həcmi və neçə nəfəri əhatə etdiyi açıqlanmır.

Həssas qrupların məşğulluğunu dəstəkləyən bəzi istiqamətlərdə isə ayrılmış vəsaitlərin aşağı icrası müşahidə olunur. Belə ki, 2026-cı ildə kvotadan əlavə iş yerlərinin yaradılması, sosial müəssisələr və məqsədli proqramlar, həmçinin digər aktiv məşğulluq tədbirləri üçün ümumilikdə dörd milyon manat nəzərdə tutulub.

Rəydə bu istiqamətlər üzrə doqquz aylıq icra 400 min manat, yəni illik təyinatın 10 faizi kimi göstərilib. İlin sonunadək isə cəmi 1.4 milyon manatın və ya ayrılmış vəsaitin 35 faizinin xərclənməsi gözlənilir. Bu, nəzərdə tutulan məbləğin 2.6 milyon manatının istifadə olunmayacağı deməkdir.

Xüsusilə sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvotadan əlavə iş yerlərinin yaradılması üzrə icra aşağıdır. Bu məqsədə ayrılmış bir milyon manatın doqquz aylıq icrası 8 min manat göstərilib. İlin sonunadək isə yalnız 25 min manatın, başqa sözlə, illik vəsaitin 2.5 faizinin xərclənəcəyi proqnozlaşdırılır. Həmin istiqamət üzrə 2025-ci ildə nəzərdə tutulmuş vəsait də istifadə edilməyib.

Buna baxmayaraq, 2027-ci ildə kvotadan əlavə iş yerlərinin yaradılmasına yenidən bir milyon manat ayrılması planlaşdırılır. Sosial müəssisələrin yaradılması və məqsədli proqramlara iki milyon manat, digər aktiv məşğulluq tədbirlərinə isə bir milyon manat nəzərdə tutulur. Beləliklə, bu istiqamətlər üzrə ümumi məbləğ dörd milyon manat səviyyəsində saxlanılır.

Hesablama Palatası əvvəlki illərdə də aşağı icranın müşahidə olunduğunu vurğulayaraq vəsaitin daha əsaslı planlaşdırılmasını və istifadəsini təmin edən mexanizmlərin təkmilləşdirilməsini zəruri sayır. Qurum sığorta ödənişləri üzrə də ayrılan vəsaitlə real tələbat arasında uyğunluğun təmin edilməsinin vacibliyini bildirir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu