Avrozonada illik inflyasiya oktyabrda 4 faizə yüksəlib



Avrozonada illik inflyasiya enerji qiymətlərinin artmasının təsiri ilə oktyabr ayında 4 faizə çatıb. 

AFN.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) Avrozonanın və Avropa İttifaqının (Aİ) oktyabr ayı üzrə yekun inflyasiya göstəricilərini açıqlayıb.

Məlumata görə, Avrozonada sentyabrda 3,8 faiz olan illik inflyasiya oktyabrda 4 faizə yüksəlib. İstehlak qiymətləri oktyabr ayında əvvəlki ayla müqayisədə 0,5 faiz artıb.

Ötən ilin oktyabr ayında Avrozonada illik inflyasiya 2,1 faiz səviyyəsində olub.

Avrozonada enerji, ərzaq, alkoqol və tütün məhsulları nəzərə alınmadan hesablanan baza inflyasiyası oktyabrda illik ifadədə 2,6 faiz, aylıq ifadədə isə 0,3 faiz təşkil edib.

Oktyabr ayında Avrozonada illik inflyasiyaya ən böyük töhfəni 1,89 faiz bəndi ilə enerji qiymətləri verib. Enerjidən sonra xidmətlər 1,55 faiz bəndi, enerjidən kənar sənaye məhsulları 0,30 faiz bəndi, ərzaq, alkoqol və tütün məhsulları isə 0,29 faiz bəndi töhfə verib.

Avropa İttifaqında da illik inflyasiya sentyabrda qeydə alınan 3,8 faizdən oktyabrda 4 faizə yüksəlib. Aİ-də aylıq inflyasiya 0,4 faiz təşkil edib. Ötən ilin eyni ayında bu göstərici 2,5 faiz olub.

Oktyabrda illik inflyasiya Almaniyada 2,9 faiz, Fransada 3,7 faiz, İspaniyada 4,9 faiz, Belçikada 5,2 faiz, İtaliyada isə 5,6 faiz hesablanıb.

Aİ ölkələri arasında ən aşağı illik inflyasiya 0,6 faizlə İsveçdə, ən yüksək göstərici isə 7 faizlə Rumıniyada qeydə alınıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu