NATO 5G, 6G və peyk rabitəsinin hərbi istifadəsi üzrə ilk strategiyasını açıqlayıb
NATO 5G, 6G və peyk rabitəsi kimi texnologiyaların hərbi əməliyyatlarda istifadəsini sürətləndirmək, eləcə də Alyans üzvlərinin rabitə sistemlərinin təhlükəsiz və uzlaşmış şəkildə işləməsini təmin etmək məqsədilə hazırladığı Yeni Nəsil Rabitə Şəbəkələri üzrə ilk strategiyasını yayımlayıb.
AFN.az xəbər verir ki, sənəd bu texnologiyaların sınaqdan keçirilməsini, istifadəyə verilməsini və hərbi əməliyyatlara inteqrasiyasını sürətləndirməyi nəzərdə tutur.
NATO-nun yazılı açıqlamasına görə, üzv ölkələrin müdafiə nazirlərinin iyun ayında təsdiqlədiyi strategiya 5G, 6G və peyk rabitəsi kimi texnologiyaların hərbi sahədə tətbiqini genişləndirməyi hədəfləyir.
Strategiya müdafiə sənayesi ilə əməkdaşlığın inkişaf etdirilməsini də nəzərdə tutur.
Yeni nəsil rabitə şəbəkələri dronları aşkar edən sensorların əldə etdikləri məlumatları pilotsuz uçuş aparatlarına qarşı istifadə olunan sistemlərlə paylaşmasına imkan verir. Bu şəbəkələr, həmçinin komandirlərə döyüş meydanından daxil olan məlumatları süni intellektin köməyi ilə təhlil etməyə şərait yaradır.
NATO müxtəlif rabitə sistemlərinin bir-biri ilə uyğun işləməsini, eləcə də kiber və hibrid təhdidlərə qarşı dayanıqlı olmasını hədəfləyir.
Alyans rabitə şəbəkələrinin təhlükəsizliyi baxımından etibarsız təchizatçıların risk yaratdığına da diqqət çəkir.
Finlandiya və İsveçin birgə həyata keçirdiyi NATO təşəbbüsü şirkətlərə bu texnologiyaları real əməliyyat şəraitində sınaqdan keçirmək imkanı verir. Strategiyanın icrası ilə bağlı yol xəritəsi hazırlanır.


