Rumıniyada 5,7 bal gücündə zəlzələ: İki nəfər xəsarət alıb
Rumıniyanın şərqindəki Vrancea bölgəsində baş verən 5,7 bal gücündə zəlzələ nəticəsində iki nəfər xəsarət alıb.
AFN.az xəbər verir ki, zəlzələ gecə saatlarında qeydə alınıb və episentri Vrancea bölgəsində yerləşib.
Rumıniya Yer Fizikası üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun açıqlamasında zəlzələnin 5,7 bal gücündə olduğu bildirilib.
Açıqlamada yeraltı təkanların 120,8 kilometr dərinlikdə baş verdiyi qeyd olunub.
Rumıniya Fövqəladə Hallar üzrə Baş İdarəsi (IGSU) zəlzələnin paytaxt Buxarest də daxil olmaqla, ölkənin bütün ərazisində güclü hiss edildiyini bildirib. Təkanların 5-10 saniyə davam etdiyi, ölkə üzrə maddi ziyanın qeydə alınmadığı açıqlanıb.
İdarənin məlumatına görə, zəlzələ nəticəsində iki nəfər xəsarət alıb. Onlardan biri təxliyə zamanı dolabın qapısına çırpılıb, digəri isə üzərinə mebel aşması nəticəsində yaralanıb. Bundan başqa, zəlzələ zamanı panik atak keçirən şəxslər də olub.
Rumıniya mediası zəlzələnin qonşu ölkələrdə də hiss edildiyini bildirib.

