Uşaqlara humanitar yardımın çatdırılmasının qarşısı 10 ildə 16 dəfə artıb



Save the Children təşkilatının təhlilinə görə, münaqişə bölgələrində uşaqlara humanitar yardımın çatdırılmasının qəsdən əngəllənməsi son 10 ildə 16 dəfə artıb. 

AFN.az xəbər verir ki, bu halların böyük əksəriyyəti Fələstində qeydə alınıb.

Humanitar yardımdan silah kimi istifadə edilməsi getdikcə daha geniş yayılır. Yeni təhlil münaqişə bölgələrində uşaqlara çatdırılmalı olan humanitar yardımın qəsdən qarşısının alınması hallarının son 10 ildə 16 dəfə artdığını üzə çıxarıb.

BMT tərəfindən təsdiqlənmiş hadisələrin təhlili həyati əhəmiyyətli yardımların qarşısının alınmasının müasir müharibələrdə geniş yayılmış üsula çevrilməsi ilə bağlı narahatlıqları təsdiqləyib.

Save the Children təşkilatının təhlilinə əsasən, uşaqların humanitar yardıma çıxışının əngəllənməsi ilə bağlı təsdiqlənmiş halların sayı 2015-ci ildəki 509-dan ötən il 8 322-yə yüksəlib.

Hazırda BMT-nin münaqişələr zamanı uşaqlara qarşı qeydə aldığı bütün pozuntuların beşdə birindən çoxunu humanitar yardıma çıxışın əngəllənməsi təşkil edir. On il əvvəl bu göstərici 2 faiz səviyyəsində idi.

Ötən il uşaqların humanitar yardıma çıxışının məhdudlaşdırılması ilə bağlı qeydə alınan halların təxminən 6 mini Fələstin ərazilərində baş verib. Liviyada 1 000-dən çox, Ukraynada isə 473 təsdiqlənmiş pozuntu müəyyən edilib.

Qəzzada qeydə alınan halların təxminən 90 faizinə görə İsrail hakimiyyəti məsul tutulub.

Save the Children təşkilatının Böyük Britaniya bölməsinin humanitar yardım məsələləri üzrə vəkillik qrupunun rəhbəri Orleyt Minouq bildirib ki, münaqişələrdən və iqlim fəlakətlərindən ən çox uşaqlar əziyyət çəkir. Onun sözlərinə görə, beynəlxalq əməkdaşlığın zəifləməsi fonunda humanitar yardımın qarşısının alınması hallarında misli görünməmiş artım qeydə alınıb.

Dünyada 589 milyon uşaq, başqa sözlə, təxminən hər dörd uşaqdan biri münaqişə bölgələrində yaşayır. Bu rəqəm 1990-cı ildən, məlumatların ilk dəfə toplanmağa başlandığı vaxtdan bəri ən yüksək səviyyəyə çatıb.

Qəzzada 2024-cü ilin aprelindən ötən ilin dekabrınadək həyati əhəmiyyətli humanitar yardım materiallarının bölgəyə daxil edilməsi üçün edilən müraciətlərin yalnız 55 faizi təsdiqlənib.

Uşaqlar üçün dərmanlar da daxil olmaqla, çoxsaylı əsas tələbat mallarının İsrail hakimiyyəti tərəfindən ikili təyinatlı olduğu əsas gətirilərək çatdırılması gecikdirilir və ya onların bölgəyə girişinə mane olunur.

Minouq Böyük Britaniya hökumətini münaqişə bölgələrində çətin vəziyyətdə qalan uşaqların humanitar yardıma çıxışını təmin etmək üçün öz nüfuzundan istifadə etməyə çağırıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu