Madaqaskarda sel 26 nəfərin həyatına son qoyub
Madaqaskarın cənubunda sərnişin daşıyan avtomobilin sel sularına düşərək axına qapılması nəticəsində 26 nəfər həyatını itirib, 5 nəfər itkin düşüb.
AFN.az xəbər verir ki, hadisə noyabrın 17-də ölkənin cənubundakı Betroka bölgəsində baş verib.
Yerli rəsmilərin açıqlamasına görə, sərnişin daşıyan avtomobil sel sularına düşərək axınla sürüklənib.
Hadisə nəticəsində 26 nəfərin meyiti tapılıb, 9 nəfər xilas edilib. İtkin düşən 5 nəfərin axtarışları davam etdirilir.
Betroka bölgəsinin deputatı Nikolas Randrianasolo sosial media hesabında paylaşdığı videoda avtomobilin noyabrın 16-da Bekitrodan yola çıxdığını bildirib. Onun sözlərinə görə, nəqliyyat vasitəsi marşrut üzərində su basmış keçiddən keçməyə çalışarkən güclü axına düşüb.
Randrianasolo qeyd edib ki, sürücü suyun səviyyəsinin aşağı olduğunu düşünərək hərəkətini davam etdirib, lakin avtomobil yolun ortasında güclü su axınına qapılıb.
Sürücünün xilas edilənlər arasında olduğu bildirilib.


