İngiltərədə illik inflyasiya iyun ayında 3,6 faiz olub

İngiltərə Milli Statistika İdarəsi (ONS) iyun ayına dair inflyasiya göstəricilərini açıqlayıb.
Məlumata görə, illik inflyasiya iyun ayında 3,6 faiz səviyyəsində qeydə alınıb. Halbuki bazar gözləntisi inflyasiyanın iyunda 3,4 faiz olacağı yönündə idi.
Aylıq inflyasiya isə iyun ayında 0,3 faiz təşkil edib. Bu göstəricinin də 0,1 faiz olacağı proqnozlaşdırılırdı.
Enerji və qida qiymətləri nəzərə alınmadan hesablanan baza inflyasiya isə illik əsasda 3,7 faizlə, 3,5 faizlik bazar gözləntisinin üzərində olub.
İngiltərə Bankının (BoE) faiz qərarlarında yaxından izlədiyi xidmət sektoru inflyasiyası da illik 4,7 faiz səviyyəsində ölçülüb. Bu göstərici üçün gözlənti 4,5 faiz idi.
İnflyasiyaya ən böyük yuxarı yönlü töhfəni isə yanacaq qiymətlərinin yüksək qalması səbəbilə nəqliyyat sektoru verib.
ONS-in baş iqtisadçısı vəzifəsini müvəqqəti icra edən Riçard Heys inflyasiya göstəricilərinə dair açıqlamasında bildirib ki, yüksək yanacaq qiymətlərinə əlavə olaraq qida qiymətlərindəki inflyasiya da ardıcıl üçüncü ayda artaraq 2024-cü ilin fevralından bəri qeydə alınan ən yüksək səviyyəyə çatıb.
Xatırladaq ki, İngiltərədə inflyasiya may ayında illik əsasda 3,4 faiz, baza inflyasiya isə 4,2 faiz olmuşdu.
İngiltərə Mərkəzi Bankı inflyasiyanı davamlı şəkildə 2 faizlik hədəf səviyyəsinə endirməyi qarşısına məqsəd qoyub.