UNICEF: Sudanda bir milyondan çox uşaq vəba riski altındadır


BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF) Sudanın Xartum əyalətində yanvar ayından bəri 7 min 700-dən çox vəba (xolera) hadisəsinin qeydə alındığını, bunlardan minə yaxınının 5 yaşdan aşağı uşaqlar olduğunu açıqlayıb.



UNICEF-in yaydığı yazılı bəyanatda 15–25 may tarixləri arasında vəba hallarının təxminən doqquz dəfə artdığı vurğulanıb.



Açıqlamada bildirilib ki, yanvardan bu yana baş verən vəba hadisələrinin 1000-dən çoxu 5 yaşdan aşağı uşaqlardır və xüsusilə Xartumda davam edən epidemiyaya görə bir milyondan artıq uşaq ciddi risk altındadır.



"Bu ölümcül xəstəliyin yayılmasının qarşısını almaq və həyatları xilas etmək üçün Səhiyyə Nazirliyi və digər tərəfdaşlarımızla birlikdə çalışırıq," – deyə təşkilat qeyd edib.



Bundan əlavə, UNICEF Sudanda 307 min uşağın kəskin qida çatışmazlığından əziyyət çəkdiyini, onlardan 26 min 500-nün isə həyati təhlükə yaradan ağır kəskin qidalanma problemi ilə qarşı-qarşıya olduğunu açıqlayıb.



2025-ci ilin əvvəlindən bəri 34 mindən çox insanın Xartum əyalətinə geri döndüyü, onların əksəriyyətinin isə əsas xidmətlərdən, xüsusilə təmiz su və sanitariya infrastrukturundan məhrum olan zərər görmüş evlərə yerləşdiyi qeyd olunub.



UNICEF ötən ay Xartumdakı elektrik stansiyalarına dəfələrlə hücumlar edildiyini, bunun genişmiqyaslı elektrik kəsintilərinə və su çatışmazlığı böhranının daha da dərinləşməsinə səbəb olduğunu, təmiz və təhlükəsiz suya çıxışa ciddi təsir göstərdiyini vurğulayıb.



Sudan rəsmi xəbər agentliyi SUNA-nın yaydığı məlumata görə, ölkənin səhiyyə naziri Heysəm Məhəmməd İbrahim vəbanın yayılmasının qarşısını almaq və insan itkilərini azaltmaq məqsədilə Səhiyyə Nazirliyi ilə beynəlxalq təşkilatlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyinə diqqət çəkib.



Nazir ölkənin üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, donorları səhiyyə sektoruna ayırdıqları yardımı ikiqat artırmağa çağırıb.



Sudan Səhiyyə Nazirliyi tərəfindən dünən yayımlanan açıqlamada isə son bir həftə ərzində bir neçə əyalətdə 172 nəfərin vəba səbəbindən həyatını itirdiyi, ümumilikdə isə 2 min 729 yoluxma halının təsbit edildiyi bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu