UKMTO: BƏƏ sahillərində tanker vurulub
Böyük Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Füceyrə Əmirliyinin şərqində bir tanker gəmisinin naməlum cisim tərəfindən vurulduğunu və gəmidə kiçik miqyaslı zərər meydana gəldiyini bildirib.
AFN.az xəbər verir ki, UKMTO-nun açıqlamasına görə, Füceyrə Əmirliyindən 23 dəniz mili şərqdə lövbər salmış vəziyyətdə olan tanker gəmisi naməlum bir obyektin hədəfinə çevrilib.
Hadisə nəticəsində gəmiyə cüzi ziyan dəysə də, ekipaj üzvləri arasında xəsarət alan olmayıb və ətraf mühitə hər hansı zərərli təsir qeydə alınmayıb. UKMTO səlahiyyətli qurumların hadisəni araşdırdığını qeyd edərək, bölgədəki gəmilərə ehtiyatlı davranmağı və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.
Mütəxəssislər bildirirlər ki, Füceyrə sahillərində baş verən bu insident regiondakı ümumi gərginliyin artması fonunda dəniz ticarəti üçün yeni risklər yaradır. Hazırda vurulan gəminin mənsubiyyəti və hücumun hansı vasitə ilə həyata keçirildiyi dəqiqləşdirilir.



