İran müharibənin dayandırılması üçün 7 şərtdə israr edir



ABŞ və İsrailin İrana qarşı apardığı müharibənin dayandırılmasına yönəlmiş diplomatik səylər sürətlənərkən, Tehran hakimiyyəti sülh danışıqlarının başlanması üçün irəli sürdüyü 7 şərtin yerinə yetirilməsində israr edir.

AFN.az xəbər verir ki, ABŞ və İran arasında gərginlik artmaqda davam edərkən, Qətərin vasitəçiliyi ilə iki ölkə arasında dolayı danışıqlar aparılır.

Qətər mətbuatı bu təmaslarda irəliləyiş əldə olunduğunu iddia etsə də, hələlik hadisələrin gedişində konkret bir dəyişiklik baş verməyib.

ABŞ Prezidenti Donald Trampın noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana hücum əmri verə biləcəyi iddia olunur.

Beynəlxalq mətbuatda İsrailin Baş naziri Binyamin Netanyahunun da İrana qarşı yeni hərbi əməliyyat keçirilməsi məsələsində Trampa təzyiq göstərdiyi bildirilir. Tehran isə mümkün yeni hücumlara qarşı müharibəni daha geniş coğrafiyaya yaymaq barədə xəbərdarlıq edir.

Gərginliyin artdığı bu kritik mərhələdə İran müharibəyə son qoymaq məqsədilə vasitəçilər üzərindən ABŞ-yə çatdırdığı 7 şərtdən geri çəkilmir.

Tehran hakimiyyətindən bu şərtlərlə bağlı tam əhatəli və uzlaşdırılmış açıqlamalar verilməsə də, maddələr ABŞ və İran arasında daha əvvəl imzalanmış 14 maddəlik anlaşma memorandumunun əsas müddəalarından 1, 2, 4, 10 və 11-ci bəndlərlə paralellik təşkil edir.

Tehranın qəbul edilməsində israr etdiyi 7 şərtin başında ABŞ-nin İrana qarşı dəniz blokadasına son qoyması gəlir.

ABŞ və İsrailin hücumları ilə başlayan müharibədə İran Hörmüz boğazını gəmi hərəkəti üçün bağlamış, ABŞ isə buna cavab olaraq ölkəyə qarşı dəniz blokadası tətbiq etmişdi. İyunun 17-də imzalanan çərçivə sazişindən sonra İran Hörmüz boğazını açmış, Vaşinqton da blokadanı ləğv etmişdi. Lakin sazişin icrasında yaranan problemlər səbəbindən Tehran iyul ayında boğazı yenidən bağlamış, ABŞ də blokadanı qüvvəyə mindirmişdi.

Hazırkı vəziyyətdə İran müharibənin başa çatması üçün ilk növbədə dəniz blokadasının ləğvini tələb edir. Bundan əlavə, əvvəlki çərçivə sazişində yer alan və təxminən 100 milyard dollar həcmində olduğu ehtimal edilən dondurulmuş aktivlərinin azad edilməsini istəyir. Sözügedən vəsaitlərin qaytarılması müddəası iyun ayında əldə olunan razılaşmaya daxil edilsə də, bu günədək həyata keçirilməyib.

Tehranın gündəliyə çıxardığı digər mühüm məsələ ABŞ sanksiyalarıdır. İran bu sanksiyalar ləğv edilmədən müharibəyə son qoymayacağını vurğulayır, ölkənin neft satışına tətbiq edilən güzəştlərin yenidən qüvvəyə minməsini tələb edir.

Bununla yanaşı, Tehran hakimiyyəti ABŞ-nin regiondakı hərbi mövcudluğunun azaldılmasında israrlıdır. Lakin bu tələbin müharibədən sonra Oman dənizində yerləşdirilən ABŞ Hərbi Dəniz Qüvvələrini, yoxsa region ölkələrindəki hərbi bazaları əhatə etdiyi dəqiqləşməyib.

İranın şərtləri arasında Oman ilə İran arasında Hörmüz boğazında müəyyən edilmiş yeni keçid marşrutunun ABŞ tərəfindən tanınması və alternativ marşrutların bağlanması da yer alır.

Tehran hakimiyyəti, həmçinin, Livan da daxil olmaqla, müharibənin bütün cəbhələrdə dayandırılmasını tələb edir.

Digər tərəfdən, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai “Əl-Cəzirə”yə müsahibəsində bunlara əlavə olaraq daha iki yeni şərt açıqlamışdı: ABŞ-nin İranın daxili işlərinə müdaxiləsinə son qoyması və Tehran hakimiyyətinə müxalif qruplarla əməkdaşlığını dayandırması. Bu fikirlər Xarici İşlər naziri Abbas Əraqçinin açıqlamalarında yer almasa da, yüksək vəzifəli şəxs tərəfindən səsləndirilməsi diqqət çəkir.

Rzainin bu açıqlaması İranın şərtlər müzakirə edilərkən mövqeyini gücləndirmək və güzəşt imkanları saxlamaq üçün yeni zəmin yaratmaq cəhdi kimi şərh olunur. Tehran irəli sürdüyü şərtlərin bir qisminin ABŞ tərəfindən qəbul edildiyini iddia etsə də, atılan addımları yetərsiz hesab edir. İran bütün şərtlərin tam şəkildə yerinə yetirilməsini, bundan sonra isə iki gün ərzində Hörmüz boğazını açacağını bir daha bildirir.

İran 7 şərt müqabilində Vaşinqtonun nüvə proqramını Qətərin vasitəçiliyi ilə aparılan danışıqlara daxil etmək cəhdlərini isə rədd edir.

Vaşinqton hakimiyyəti Tehrandan 60 faiz zənginləşdirilmiş 400 kiloqram uranı ölkə daxilində və ya üçüncü bir ölkədə seyrəltməsini, həmçinin nüvə obyektlərində beynəlxalq yoxlamalara icazə verməsini tələb edir. İran seyrəltmə ideyasını tamamilə rədd etməsə də, bu məsələnin yalnız uzunmüddətli nüvə danışıqları çərçivəsində müzakirə oluna biləcəyini bildirir.

Qətərin vasitəçiliyi ilə aparılan dolayı təmaslarda hələlik konkret nəticə əldə olunmasa da, iranlı rəsmilər ABŞ-nin ritorikasının yumşalmasını və dialoq imkanının yaranmasını müsbət inkişaf kimi qiymətləndirirlər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu