İrandan Trampa Hörmüz boğazı cavabı: Nə tvitlə, nə təyyarədaşıyan gəmi ilə ələ keçirilə bilər



İran Xarici İşlər nazirinin müavini Kazım Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını Amerika ərazisi elan edəcəyi ilə bağlı iddiasına “Hörmüz boğazı nə tvitlə, nə təyyarədaşıyan gəmi ilə, nə əmr verməklə, nə də seçki çıxışı ilə ələ keçirilə bilər” ifadəsi ilə cavab verib.

AFN.az xəbər verir ki, İran Xarici İşlər nazirinin müavini Qəribabadi sosial media hesabında paylaşdığı mesajında ABŞ Prezidenti Trampın Hörmüz boğazı ilə bağlı iddiasına cavab verib.

Qəribabadi “Hörmüz boğazı nə tvitlə, nə təyyarədaşıyan gəmi ilə, nə əmr verməklə, nə də seçki çıxışı ilə... İran nə təhdiddən qorxur, nə də güc nümayişi ilə qorxudula bilər” ifadələrini işlədib.

ABŞ Prezidenti Trampa müraciət edən və ABŞ-ın İrana qarşı strateji və ağır məğlubiyyətlər aldığını qəbul etməli olduğunu bildirən Qəribabadi mesajında bu ifadələrə yer verib:

“Hörmüz boğazı İranın idi, İranındır və İranın olacaq. Bu boğaz yalnız İranın əmri ilə bağlanacaq və açılacaq və siz real məğlubiyyəti qəbul etmədiyiniz və xəyallardan əl çəkmədiyiniz müddətcə, İran (Hörmüz boğazında) blokadanı davam etdirəcək”.

ABŞ Prezidenti Tramp dünən verdiyi açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında tam blokada tətbiq etdiyini iddia edərək, “İranı tamamilə məğlub etdikdən sonra, çox keçmədən Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm” iddiasını irəli sürmüşdü.

İranlı rəsmilər ABŞ-ın Hörmüz boğazına müdaxilələri, dəniz blokadası və iyunun 17-də Tehran-Vaşinqton arasında imzalanan anlaşmanın tələblərini yerinə yetirmədiyi müddətcə boğazın açılmayacağını dəfələrlə bildirirlər.

ABŞ Prezidenti Donald Tramp isə srağagün sosial media hesabında paylaşdığı mesajında ABŞ-ın Hörmüz boğazı üzərində tam nəzarətə sahib olduğunu və bu nəzarəti əllərində saxlaya biləcəklərini düşündüyünü ifadə etmişdi.

İranda müharibəni koordinasiya edən ən yüksək hərbi qurum olan Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfiqari dünən verdiyi açıqlamada Trampın iddiasını təkzib edərək, İranın icazəsi və nəzarəti olmadan heç bir gəminin Hörmüz boğazından keçə bilməyəcəyini bildirmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu