İran Silahlı Qüvvələri: ABŞ-nin Hörmüz boğazına müdaxilə etməsinə icazə verməyəcəyik
İran Silahlı Qüvvələrinin müharibəni idarə edən qolu olan Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü polkovnik-leytenant İbrahim Zülfiqari ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı verdiyi bəyanata cavab olaraq "ABŞ-nin Hörmüz boğazına müdaxilə etməsinə icazə vermədik, verməyəcəyik" deyib.
AFN.az xəbər verir ki, Zülfiqari ABŞ Prezidenti Trampın "Boğazı nəzarətdə saxlayacağıq, böyük ehtimalla biz idarə edəcəyik" şəklindəki sözlərinə reaksiya verib.
ABŞ-nin Hörmüz boğazına müdaxilə cəhdlərinin regionun təhlükəsizliyini və dəniz ticarətini riskə atdığını bildirən Zülfiqari daha əvvəl edilən xəbərdarlıqlarda olduğu kimi, Vaşinqtonun boğaza müdaxiləsinə heç bir halda imkan verilməyəcəyini vurğulayıb.
Zülfiqari İran Silahlı Qüvvələrinin icazəsi olmadan və Tehranın müəyyənləşdirdiyi marşrutdan kənar Hörmüz boğazından keçmək istəyən gəmilərin saxlanılacağını xatırladaraq İran Ordusu ilə İnqilab Keşikçiləri Korpusunun son günlərdə həyata keçirdiyi əməliyyatların bunun bariz sübutu olduğunu qeyd edib.
Bölgə ölkələrinə də xəbərdarlıq edən sözçü ABŞ zərbələrinə logistik dəstək verilməsinin müharibə elanı kimi qiymətləndiriləcəyini, hərbi əməliyyatların coğrafiyasının genişlənməsinin bütün region ölkələrinə təsir edəcəyini diqqətə çatdırıb.
Zülfiqari Yaxın Şərqdəki sabitliksizliyin əsas mənbəyinin ABŞ və onunla əməkdaşlıq edən dövlətlər olduğunu iddia edərək bu işbirliyinin müharibə riskini artırdığını ifadə edib.
Xatırladaq ki, Tramp "Fox News" telekanalında qatıldığı proqramda "Boğaza nəzarəti əlimizdə saxlayacağıq, böyük ehtimalla biz idarə edəcəyik, boğazın qoruyucuları olacağıq" ifadələrini işlətmişdi.
