İran Oman tərəfindən elan edilən müvəqqəti dəniz dəhlizini rədd edib
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Omanın Hörmüz boğazından keçmək istəyən gəmilər üçün müvəqqəti dəniz dəhlizi yaratdığına dair xəbərlərdən sonra, boğazda keçidə icazə verilən yeganə marşrutun İran tərəfindən elan edildiyini və gəmilərin yalnız hərbi dəniz qüvvələri ilə koordinasiyalı şəkildə bu marşrutlardan keçməli olduğunu açıqlayıb.
AFN.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı üçün elan edilən yeni keçid marşrutu ilə bağlı bəyanat yayıb.
Bəyanatda Omandan bəhs edilmədən, "İran ilə koordinasiya təmin olunmadan, bəzi qurumlar tərəfindən gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni bir marşrut elan edilib. Bu, qəbuledilməzdir və tamamilə təhlükəlidir" ifadələrinə yer verilib.
Hörmüz boğazından keçid üçün icazə verilən yeganə marşrutun İran tərəfindən elan edilən marşrutlar olduğu bildirilən açıqlamada elan edilən marşrutlar kənarındakı hər cür hərəkətliliyin qəti şəkildə qarşısının alınmasının mühüm olduğu vurğulanıb.
Həmçinin qeyd olunub ki, Hörmüz boğazından keçid üçün İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri ilə 16-cı kanal vasitəsilə koordinasiya yaradılmalıdır və qaydaları pozan gəmilərlə bağlı zəruri tədbirlər görüləcək.
Xatırladaq ki, Omanın Nəqliyyat Nazirliyi dünən etdiyi açıqlamada Hörmüz boğazında müvəqqəti bir dəniz dəhlizindən istifadə variantı üzərində Beynəlxalq Dənizçilik Təşkilatı (IMO) ilə koordinasiya yaratdıqlarını və gəmilərin zəruri koordinasiyanı IMO ilə təmin etməli olduqlarını bəyan etmişdi.
