Tramp: Hörmüz boğazını böyük ehtimalla biz idarə edəcəyik
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını nəzarətdə saxlayacaqlarını, gəmilərin keçidini böyük ehtimalla özlərinin idarə edəcəklərini və bunun müqabilində ödəniş alacaqlarını bəyan edib.
AFN.az xəbər verir ki, Tramp "Fox News" telekanalında qatıldığı proqramda İranla yaşanan gərginliklə bağlı açıqlamalar verib.
Aparıcının İranın Hörmüz boğazı ilə bağlı mövqeyi barədə sualına cavab olaraq Tramp "Boğaza nəzarəti biz ələ alırıq, onların (İranın) əlində heç nə yoxdur" deyib.
İranı çox sərt vurmağa davam edəcəklərini vurğulayan ABŞ lideri boğazı nəzarətdə saxlayacaqlarını, böyük ehtimalla idarəçiliyi üzərilərinə götürəcəklərini və buranın qoruyucusu olacaqlarını ifadə edib.
Hörmüzün qorunması müqabilində haqq tələb edəcəklərini iddia edən Tramp illərdir heç bir qarşılıq olmadan bu işi görməyin artıq gözlənilə bilməyəcəyini, 50 ildən çox müddətdə boğazı mühafizə etsələr də, qarşılığında pul almadıqlarını və bütün gəliri digər tərəflərin qazandığını bildirib.
O, bu müddət ərzində Hörmüz boğazını əbəs yerə qoruduqlarını qeyd edib.
İran tərəfi ilə müəyyən bir razılaşmalarının olduğunu və dünən 11 saatlıq danışıqlar apardıqlarını dilə gətirən Tramp razılaşmanın tam hazır olduğunu, lakin sonradan qarşı tərəfin bunu pozduğunu deyərək, bu insanlarla artıq 10 dəfə razılaşma əldə etdiklərini, lakin onların hər dəfə bunu pozduğunu vurğulayıb.
Tramp İranın ondan heç nə qazana bilmədiyini diqqətə çatdıraraq, keçmiş Prezident Barak Obama da daxil olmaqla, əvvəlki dövlət başçılarını 47 il ərzində Tehran rejiminin addımlarına göz yummaqda ittiham edib.
Bəyanatın ardından İran Silahlı Qüvvələrinin müharibəni idarə edən qolu olan Xatəmül-Ənbiya Mərkəzi Qərargahı operativ reaksiya verərək ABŞ-nin Hörmüz boğazına müdaxilə etməsinə heç bir halda icazə verməyəcəklərini açıqlayıb.
