İsveçrənin ictimai yayım qurumuna kiberhücum olub
İsveçrə Yayım Korporasiyasının (SBC) alman dilində yayımlanan SRF kanalının əməkdaşlarına məxsus məlumatların kiberhücum nəticəsində oğurlandığı açıqlanıb.
AFN.az xəbər verir ki, İsveçrə Yayım Korporasiyasının məsələ ilə bağlı yaydığı yazılı açıqlamada kiberhücum nəticəsində SRF əməkdaşlarının məlumatlarının oğurlandığı bildirilib.
Açıqlamada indiyədək həssas məlumatların yayımlandığı və ya sui-istifadə edildiyinə dair hər hansı əlamətin olmadığı qeyd olunub. Məlumat sızmasının 2020-ci ildən etibarən təxminən 340 hazırkı və keçmiş SRF əməkdaşının əlaqə və iş məlumatlarını əhatə etdiyi bildirilib. Bunlara adlar, vəzifələr, peşəkar əlaqə məlumatları, eləcə də bəzi şəxsi əlaqə məlumatları daxildir.
Məlumatların əsasən kanalın hazırkı informasiya xidmətləri departamentində çalışan əməkdaşlarla bağlı olduğu bildirilib. Mövcud məlumatlara əsasən, başqa icazəsiz giriş hallarının baş vermədiyi və hadisənin nəzarət altına alındığı qeyd edilib.
İsveçrənin ictimai yayım qurumunun icazəsiz şəxslərin SRF əməkdaşlarına aid məlumatlara giriş əldə etdiyini müəyyən etdikdən sonra sürətlə tədbir gördüyü bildirilib. Açıqlamada təsirə məruz qalan giriş nöqtələrinin deaktiv edildiyi və əlavə təhlükəsizlik tədbirlərinin həyata keçirildiyi qeyd olunub.
Açıqlamada hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edildiyi və hücumun səbəbləri ilə miqyasını müəyyənləşdirmək üçün daxili və xarici ekspertlərin iştirakı ilə geniş araşdırma aparıldığı bildirilib.
