Qrenlandiya baş naziri ABŞ-la yeni razılaşmadan danışdı
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen adanın təhlükəsizliyinin ABŞ-ın təhlükəsizliyi ilə birbaşa bağlı olduğunu bildirib.
AFN.az xəbər verir ki, Nilsen bunu BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda Qrenlandiya ilə bağlı üçtərəfli sazişin imzalanması mərasimində deyib.
Mərasimdə ABŞ Prezidenti Donald Tramp və Danimarkanın Baş naziri Mette Frederiksen də iştirak ediblər.
Nilsen bildirib ki, imzalanan saziş Qrenlandiyanın gələcəkdə hansı tərəfə sadiq qalacağı ilə bağlı bütün şübhələri aradan qaldırmalıdır.
“Biz ABŞ-ın sadiq dostuyuq və həmişə belə olmuşuq. Qərb alyansının bir hissəsi olaraq qalacağıq. Sizin təhlükəsizliyiniz bizim təhlükəsizliyimizdir, bizim təhlükəsizliyimiz isə sizin təhlükəsizliyinizdir”, - Qrenlandiya hökumətinin başçısı deyib.
Onun sözlərinə görə, əldə olunan razılaşma tərəflərin ümumi təhlükəsizliyini gücləndirib və yaxın müttəfiqlər kimi münasibətləri daha da dərinləşdirib.
Nilsen sazişin bütün tərəflər üçün faydalı olduğunu da qeyd edib.
Danimarkanın Baş naziri Mette Frederiksen isə tərəflərin müddətsiz ola biləcək bir razılaşma imzaladıqlarını bildirib.
Sənəd imzalandıqdan sonra jurnalistlər Donald Trampdan Qrenlandiyanın bütün ərazisinə sahib olmaq istəyindən imtina edib-etmədiyini soruşublar. ABŞ prezidenti suala cavab verməyib.
