Qrenlandiya ABŞ-la dialoqu davam etdirmək niyyətində olduğunu bəyan etdi
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ-la doğru kanallar vasitəsilə dialoqu davam etdirmək istədiklərini bildirib.
Nilsen ABŞ Prezidenti Donald Trampın “Milli təhlükəsizliyimiz baxımından Qrenlandiyaya ehtiyacımız var” açıqlamasından sonra Qrenlandiyanın paytaxtı Nuuk şəhərində mətbuat konfransı keçirib.
Xüsusi bir vəziyyətlə üz-üzə qaldıqlarını qeyd edən Nilsen “Son hadisələr fonunda xalqın narahatlıq keçirməsi başadüşüləndir, lakin buna ehtiyac yoxdur. Qrenlandiya ABŞ-la doğru kanallar vasitəsilə dialoqu davam etdirmək niyyətindədir. ABŞ-la uzun illərdir mövcud olan etimad və əməkdaşlığı qorumaq istəyirik” deyə vurğulayıb.
Yens-Frederik Nilsen həm cəmiyyət olaraq, həm də müttəfiqlərlə birlikdə hərəkət etməyin vacibliyini qeyd edib və NATO ilə əməkdaşlığın genişləndirilməsini istədiklərini diqqətə çatdırıb.
ABŞ-nin Venesuelaya hərbi müdaxiləsindən sonra Qrenlandiyanın yenidən gündəmə gəlməsi ilə bağlı danışan Nilsen “Qrenlandiyanın vəziyyəti tamamilə fərqlidir. ABŞ tərəfindən ilhaq riski yoxdur. Qrenlandiya ABŞ-la əlaqə qurmaq üçün uyğun diplomatik kanallardan istifadə etmək istəyir”, – deyə bildirib.
Nilsen Trampın Qrenlandiya ilə bağlı açıqlamalarının sona çatmalı olduğuna işarə edərək, uzun illərdir davam edən dostluğun təzyiq altında qaldığını söyləyib.
ABŞ-la yaxşı əməkdaşlığın yenidən qurulmasının vacibliyini bir daha vurğulayan Nilsen, Qrenlandiyanın bir gecədə ələ keçirilmə riskinin mövcud olmadığını qeyd edib.
