Finlandiya və İsveç eyni vaxtda NATO-ya daxil olmaq istəyində israrlıdırlar


Türkiyənin İsveçin namizədliyinə etiraz etməsinə baxmayaraq, Finlandiya və İsveç eyni zamanda NATO-ya qoşulmağa iddialıdırlar.


AFN.az xəbər verir ki, hər iki ölkənin baş naziri bu barədə Stokholmda birgə keçirdikləri mətbuat konfransında bildiriblər.

Qeyd edək ki, Türkiyə İsveçdən əvvəl Finlandiyanın NATO-ya üzvlük istəyini təsdiq edə biləcəyini bildirsə də, Finlandiya rəhbərliyi iki Şimali Avropa ölkəsinin təhlükəsizliyinin bir-birindən asılı olduğunu əsas gətirərək bu təklifi rədd etmişdi. “Bu atmosferi, İsveçin bir növ sinifdə problemli uşaq kimi təqdim olunduğu mövqeyi bəyənmirəm. İsveç də NATO-ya üzv olmaq üçün bütün tələbləri yerinə yetirir”, – deyə Finlandiyanın baş naziri Sanna Marin bildirib.

Öz növbəsində İsveçin baş naziri Ulf Kristersson bildirib ki, ölkəsi NATO-ya üzv olmaq üzrə İsveç, Finlandiya və Türkiyə arasında ötən il imzalanmış üçtərəfli sazişə əməl etməyə davam edir. Kristersson İsveç və Finlandiyanın Şimali Atlantika alyansına qoşulmaq səylərinə toxunaraq, "Biz bu səyahətə birlikdə çıxmışıq və birlikdə üzvlük istiqamətində irəliləyirik" - deyə əlavə edib.

Finlandiya və İsveç Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda 2022-ci il mayın 18-də alyansa qoşulmaq üçün NATO-nun baş katibinə müraciət edib. Bu günə qədər İsveç və Finlandiyanın NATO-ya müraciətləri 30 ölkədən yalnız ikisi - Macarıstan və Türkiyə tərəfindən ratifikasiya olunmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu