Haiti 275 milyon dollardan çox olan müharibə büdcəsini təsdiqləyib

Haitidə hökumət dəstə zorakılığının artması səbəbindən böhranı yüngülləşdirmək üçün 275 milyon dollardan çox olan müharibə büdcəsinin təsdiq edildiyini elan edib.
Haiti Prezident Keçid Şurası ölkədə son vaxtlar artan dəstə zorakılığına qarşı görülən tədbirlərlə bağlı açıqlama verib.
Açıqlamada hökumətin müharibə büdcəsi adlandırdığı 275 milyon dollardan artıq büdcəni təsdiqlədiyi və bu pulun təxminən 40 faizinin əsgər və polisə ayrıldığı bildirilib.
Büdcənin təxminən 20 faizinin sərhəd təhlükəsizliyinin artırılmasına, 16 faizinin isə təhsil, səhiyyə və humanitar yardım kimi sosial proqramlara yönəldiləcəyi qeyd edilib.
İllərdir siyasi, iqtisadi və təhlükəsizlik böhranları kimi problemlərlə mübarizə aparan Haiti 11 milyonu keçən əhalisi ilə aclıq təhlükəsi ilə üz-üzədir.
Silahlı dəstələrin paytaxt Port-o-Prinsin 80 faizindən çoxuna nəzarət etdiyi ölkədə zorakılıq artmaqdadır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, 2024-cü ildə Haitidə silahlı dəstə üzvlərinin hücumları nəticəsində 5600-dən çox insan həlak olub.