Monqolustan parlamenti prezidentin vaxtından əvvəl istefasını dəstəkləyib
Monqolustan parlamenti prezident Uxnaaqiyn Xurelsuxun vaxtından əvvəl istefa verməsi ilə bağlı müraciətini dəstəkləyib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, səsvermədə iştirak edən 104 deputatdan 96-sı dövlət başçısının istefasının qəbul edilməsinin lehinə səs verib.
Xurelsux parlament iclasının əvvəlində deputatlardan istefasını təsdiqləmələrini istəyib. O, vəzifədən ayrıldıqdan sonra adi vətəndaş kimi barəsində irəli sürülən korrupsiya ittihamları üzrə günahsızlığını sübut edə biləcəyini bildirib.
Prezidentə və bir sıra yüksək vəzifəli şəxslərə qarşı korrupsiya ittihamlarını Ulan-Batorun keçmiş meri, sabiq ədliyyə və daxili işlər naziri Xişgeegiin Nyambaatar irəli sürüb. O, sosial şəbəkələrdəki paylaşımlarında dövlət başçısını və bir neçə yüksək vəzifəli məmuru “Bodi İnternational” şirkətlər qrupunun adı hallanan qalmaqallı işlə əlaqələndirib.
Söhbət Tavantolqoy kömür yatağından Çinlə sərhəddəki Qaşuun-Suxayt keçid məntəqəsinə qədər dəmir yolunun tikintisi üzrə tenderin qalibi olmuş şirkətlər qrupundan gedir. Nyambaatar prezidentin elit daşınmaz əmlaka və bahalı avtomobillər kolleksiyasına sahib olduğunu da iddia edib.
Bundan sonra Monqolustanın əsas müxalif qüvvəsi olan Demokrat Partiyasının parlament fraksiyası prezidentin və bir sıra yüksək vəzifəli şəxslərin istefasını tələb edib. Noyabrın 17-də Xurelsux vaxtından əvvəl vəzifədən getmək niyyətində olduğunu açıqlayıb. 2016-cı ildən hakimiyyətdə olan Monqolustan Xalq Partiyası da bu qərarı dəstəkləyib.
Monqolustanda növbəti prezident seçkilərinin 2027-ci ilin yayında keçirilməsi nəzərdə tutulurdu. Lakin ölkə tarixində prezidentin ilk dəfə könüllü şəkildə vəzifəsindən getməsi ilə əlaqədar seçki prosesi daha erkən başlaya bilər.
Yeni prezident seçilənədək dövlət başçısının səlahiyyətlərini parlamentin spikeri Sandagiyn Byambasogt icra edəcək. 2019-cu ildə ölkə Konstitusiyasına edilən dəyişikliklərə əsasən, Xurelsux altı illik müddət məhdudiyyətinə görə yenidən prezidentliyə namizəd ola bilməz.



