Tamaş Sulyok Macarıstanın yeni prezidenti oldu


Macarıstan parlamenti keçmiş prezident Katalin Novakın istefa verməsindən sonra Konstitusiya Məhkəməsinin sədri Tamas Sulyoku ölkənin yeni prezidenti seçib.



146 deputatın iştirak etdiyi səsvermədə Macarıstanın baş naziri Viktor Orbanın rəhbərlik etdiyi hakim partiya Fidesz tərəfindən namizədliyi irəli sürülən Konstitusiya Məhkəməsinin sədri Tamas Sulyok 134 səslə prezident seçilib.

Səsvermədə əleyhinə 5 deputat səs verdiyi halda, 7 səs etibarsız sayılıb. 199 yerlik Macarıstan parlamentində müxalifət deputatları əsasən səsvermədə iştirak etməyiblər.

Bazar günü ölkədə dörd müxalifət partiyasının dəstəklədiyi etiraz nümayişində prezident seçkilərinin birbaşa xalq tərəfindən keçirilməsi tələb edilib.

Seçildikdən sonra and içən Sulyok qısa çıxışında prezidentin əfv və mükafatları ilə bağlı qərarlarda şəffaflıq vəd edib.

Novakın yerinə seçilən 67 yaşlı Sulyokun andiçmə mərasiminin martın 5-də keçirilməsi planlaşdırılır.

2014-cü ildə Konstitusiya Məhkəməsinin hakimi olan Sulyok iki ildən sonra məhkəmənin sədri vəzifəsinə yüksəlib.

Sulyokun səlahiyyət müddəti beş il olacaq və o, ikinci müddətə yenidən namizəd ola bilər.

Keçmiş prezident Novak fevralın 10-da prezident səlahiyyətlərindən istifadə edərək əfv etdiyi məhbuslar arasında adı dövlət uşaq evində uşaq istismarı qalmaqalında hallanan məhbusun da olduğu üzə çıxdıqdan sonra istefa verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu