Britaniya Myanmanın Londondakı hərbi attaşesini ölkədən çıxaracaq
Britaniyanın xarici işlər naziri Ed Milibend Beynəlxalq Ədalət Məhkəməsinin Myanmanın arakanlı müsəlmanlara (rohincalara) qarşı soyqırımı törətdiyinə dair qərarını tarixi hadisə adlandırıb.
AFN.az xəbər verir ki, nazir Myanmanın Londondakı səfirliyinin müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırıldığını, ölkənin Londondakı hərbi attaşesinin isə Britaniyadan çıxarılması barədə qərar qəbul edildiyini bildirib.
Milibend Beynəlxalq Ədalət Məhkəməsinin Myanmanın rohincalara qarşı soyqırımı törətdiyinə dair qərarı ilə bağlı yazılı açıqlama yayıb.
O, Beynəlxalq Ədalət Məhkəməsinin Myanmanın rohincalara qarşı soyqırımı cinayəti törətdiyinə hökm verməklə tarixi qərar qəbul etdiyini bildirib. Milibend Britaniyanın bu cinayətləri törədən şəxslərə qarşı tədbir görmək və onların məsuliyyətə cəlb olunmasını təmin etmək əzmində olduğunu vurğulayıb.
Qərarla bağlı ilk addımı atdıqlarını qeyd edən nazir Myanma rejiminə qarşı mövcud sanksiyalara əlavə olaraq ölkənin Britaniyadakı hərbi attaşesinin ölkədən çıxarılmasına qərar verdiklərini açıqlayıb. O, həmçinin məsələni müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasına dair müraciət etdiklərini bildirib.
Milibend bu cür cinayətlərin cəzasız qala bilməyəcəyinə dair açıq mesaj verilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, rohincalar uzun illərdir dəhşətli zorakılığa, məcburi köçkünlüyə və təqiblərə məruz qalırlar. Nazir Myanmanın məhkəmə qərarına tam əməl etməli olduğunu, beynəlxalq ictimaiyyətin isə rohincalar üçün qərarın icrasını, hesabatlılığı və ədalətin təmin olunmasını dəstəkləməli olduğunu bildirib.
Milibend Myanmanın Londondakı səfirliyinin müvəqqəti işlər vəkilinin də Xarici İşlər Nazirliyinə çağırıldığını qeyd edib.
O, qarşıdakı dövrdə də məsul şəxslərin cavab verməsini təmin etmək üçün addımlar atılacağını vurğulayıb. Nazir arakanlı müsəlmanların, eləcə də Myanmanın sülhsevər, demokratik və inklüziv gələcəyə sahib olması üçün dəstəyin davam etdiriləcəyini bildirib.


