Xroniki tənhalıq 65 yaşdan yuxarı insanlarda demensiya riskini artırır


Alimlər apardıqları araşdırma nəticəsində xroniki tənhalıq yaşayan 65 yaşdan yuxarı insanlarda demensiya riskinin 38 faiz artdığını müəyyən ediblər.

AFN.az xəbər verir ki, Fransanın Bordo Universitetinin tədqiqatçıları 1988-2018-ci illərdə 65 yaşdan yuxarı 3 777 nəfəri əhatə edən araşdırma aparıblar.

İştirakçılar heç vaxt tənhalıq yaşamayanlar, ara-sıra tənhalıq hiss edənlər və xroniki tənhalıq yaşayanlar olmaqla üç qrupa bölünüblər.

Araşdırmada xroniki tənhalıq qrupuna daxil olanların 49 faizində demensiya inkişaf edib.

Bu göstərici ara-sıra tənhalıq yaşayanlarda 34 faiz, heç vaxt tənhalıq hiss etməyənlərdə isə 33 faiz olub.

Statistik təhlillər xroniki tənhalığın heç vaxt tənhalıq hiss etməyənlərlə müqayisədə demensiya riskini 38 faiz artırdığını, ara-sıra yaşanan tənhalığın isə riskə nəzərəçarpacaq təsir göstərmədiyini ortaya qoyub.

Bordo İctimai Səhiyyə Mərkəzinin baş tədqiqatçısı Karine Peres mövzu ilə bağlı mətbuata yazılı açıqlamasında bildirib ki, insanların əksəriyyəti həyatının müəyyən dövründə tənhalıq yaşayır, lakin demensiya riskini artıra bilən məhz tənhalığın xroniki və davamlı xarakter almasıdır. O, bu fərqin çox mühüm olduğunu vurğulayıb.

Peres xroniki tənhalığın uzunmüddətli stressə və immun sisteminə mənfi təsir göstərərək iltihablanma prosesini gücləndirdiyini bildirib.

Tədqiqatçı tənhalığın fiziki aktivliyin azalması və qeyri-sağlam qidalanma ilə də əlaqəli olduğuna diqqət çəkib. Onun sözlərinə görə, bu amillər demensiya üçün risk faktorları sayılan ürək-damar xəstəliklərinin və diabetin yaranmasına şərait yaradır.

Araşdırmanın əsas müəllifi, Bordo Universitetinin nümayəndəsi Yvanna Simon isə səhiyyə işçilərinin, sosial xidmət mütəxəssislərinin və siyasətçilərin sosial risk göstəricisi kimi yalnız insanların birlikdə yaşayıb-yaşamamasına diqqət yetirməməli, onların sosial əlaqələr qurmaq və tənhalıqla bağlı şəxsi hisslərini də nəzərə almalı olduqlarını bildirib.

Araşdırmanın nəticələri “Aging & Mental Health” jurnalında dərc olunub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu