Tək qalmaq sağlamlığınızdan 6 il ala bilər
Yeni bir araşdırma tənhalıq və sosial izolyasiya yaşayan insanların xəstəliklərdən uzaq keçirəcəkləri bir neçə ili itirə biləcəyini göstərib. Ən böyük fərqin ruh sağlamlığında ortaya çıxdığı və bəzi iştirakçılarda bu müddətin təxminən 6 ilə çatdığı qeyd edilib. Kişilər isə tənhalıqdan daha çox təsirlənir.
Daha uzun yaşamaq sağlamlıq tənliyinin yalnız bir hissəsini təşkil edir. Bu illərin nə qədərinin böyük fiziki və psixi xəstəliklərdən uzaq keçiriləcəyi isə başqa bir sual işarəsi kimi önə çıxır. Yeni araşdırmalar sosial həyatın keyfiyyətinin bu müddətə gözləniləndən daha çox təsir göstərə biləcəyini göstərir.
ABŞ-də tənhalıq və sosial izolyasiya olduqca geniş yayılıb. 2023-cü il tarixli bir hesabat ABŞ-li böyüklərin təxminən yarısının tənhalıq hiss etdiyini, demək olar ki, bir o qədərinin də sosial cəhətdən təcrid olunduğunu ortaya qoyur.
Tədqiqatçılar uzun müddətdir hər iki vəziyyəti sağlamlığın pisləşməsi və erkən ölümlə əlaqələndirirlər, lakin bunların insanın sağlam həyat gözləntisinə təsiri daha az məlum idi.
Tulane Universitetinin yeni müşahidə xarakterli araşdırması bu mövzuda ən aydın təxminlərdən birini təqdim edir.
Nature Communications jurnalında dərc olunan araşdırma tənhalıq və sosial izolyasiya yaşayan insanların xəstəliklərdən uzaq keçirəcəkləri bir neçə ili itirə biləcəyini göstərir. Ən böyük fərqin ruh sağlamlığında ortaya çıxdığı və bəzi iştirakçılarda bu müddətin təxminən 6 ilə çatdığı qeyd edilib.
Araşdırmanın baş müəllifi professor Lu Qi tədqiqatın sosial izolyasiya və tənhalığın xəstəliksiz həyat gözləntisinə əhəmiyyətli təsir göstərə biləcəyini müəyyən etdiyini bildirib. Qi bunun həm fiziki, həm də psixi xəstəlikləri əhatə etdiyini qeyd edib.
Tənhalıq və sosial izolyasiya bir-biri ilə əlaqəli, lakin fərqli təcrübələri ifadə edir. Sosial izolyasiya insanın sosial əlaqələrinin tezliyi və əhatə dairəsi kimi amillərlə ölçülə bilər. Tənhalıq isə daha şəxsi vəziyyət kimi önə çıxır. Tənhalıq insanın bu münasibətlərin keyfiyyətindən nə dərəcədə məmnun olduğunu əks etdirir. Yəni bir insan tez-tez sosial əlaqə qurub yenə də özünü tənha hiss edə bilər.
Bu iki vəziyyət sağlamlığa müxtəlif yollarla təsir göstərə bilər. Tədqiqatçılar zəif sosial əlaqəni sağlamlığın pisləşməsi ilə əlaqələndirən stress, yuxu və sağlamlıq davranışlarındakı dəyişikliklər də daxil olmaqla bir neçə mümkün səbəb irəli sürürlər. Lakin bu əlaqələr mürəkkəb quruluşa malikdir və müşahidə xarakterli araşdırma tənhalığın və ya izolyasiyanın birbaşa müəyyən xəstəliyə səbəb olduğunu tam şəkildə sübut edə bilməz.
Nəticələrin özünün təəccüblü olmadığını bildirən Qi əvvəlki araşdırmaların sosial izolyasiya və tənhalığın ölüm halları, xüsusilə də erkən ölümlə əlaqəli olduğunu müəyyən etdiyini və bu tədqiqatın da əlavə sübut təqdim etdiyini bildirib.
Tədqiqatçılar sağlam həyat müddətinə mümkün təsiri araşdırmaq üçün yaşları 40-69 arasında dəyişən 277 min 489 yetkinin məlumatlarını təhlil ediblər. Araşdırmanın əvvəlində iştirakçıların heç birində diabet, ürək xəstəliyi, ağciyər xəstəliyi, demensiya, xərçəng, depressiya və təşviş xəstəlikləri yox idi.
Komanda 50 yaşını istinad nöqtəsi kimi götürərək xəstəliksiz həyat gözləntisini hesablayıb. Bu müddət insanın analizə daxil edilən xəstəliklərə tutulmadan yaşaması gözlənilən qalan illərin sayını ifadə edir.
Ən böyük itkilər həm tənhalıq, həm də sosial izolyasiya yaşayan insanlar arasında müşahidə edilib. Fiziki sağlamlıq baxımından bu qrupdakı qadınlar hər iki vəziyyəti də yaşamayan insanlarla müqayisədə 2,4 il daha az xəstəliksiz yaşayıblar. Kişilər üçün bu fərqin 1,7 il olduğu qeyd edilib.
Ruh sağlamlığı sahəsindəki fərq isə əhəmiyyətli dərəcədə daha böyük olub. Həm tənhalıq, həm də sosial izolyasiya yaşayan qadınların psixi pozuntular olmadan təxminən 3,7 il daha az yaşadığı, kişilərdə isə bu müddətin təxminən 5,8 il daha az olduğu müəyyən edilib.
Bunun kişilər və qadınlar arasındakı cinsi fərqlərlə bağlı olduğunu deyən Qi araşdırmalarının kişilərin tənhalıqdan təsirlənməyə daha həssas olduğunu müəyyən etdiyini bildirib. Qi qadınların kişilərdən daha uzun yaşamağa meyilli olduğunu və müəyyən xəstəliklərdə cinsi üstünlüklərin mövcud olduğunu qeyd edib.
Yaxşı qidalanmaq, idman etmək, kifayət qədər yatmaq və siqaret çəkməmək sosial izolyasiya ilə əlaqəli xəstəliksiz həyat gözləntisindəki itkinin bir hissəsini azaldıb. Eyni vəziyyətin tənhalıq üçün keçərli olmadığı ortaya çıxıb. Daha sağlam vərdişlərin özünü tənha hiss etməklə bağlı əlavə sağlamlıq risklərini əhəmiyyətli dərəcədə azaltmadığı bildirilib.
