Satya Nadella qlobal infrastrukturu gözləyən uzunmüddətli qeyri-sabitlik barədə xəbərdarlıq edib



Microsoft şirkətinin baş icraçı direktoru (CEO) Satya Nadella son günlər rəqəmsal xidmətlərdə yaşanan fasilələrdən sonra qlobal infrastrukturların uzunmüddətli qeyri-sabitlik dövrünə qədəm qoya biləcəyini bildirib. 

AFN.az xəbər verir ki, Nadella “The New York Times” qəzetinin təşkil etdiyi DealBook Sammitində çıxış edərək son dövrlərdə baş verən rəqəmsal kəsintilərlə bağlı fikirlərini bölüşüb.

Nadella süni intellekt alətlərinin kibertəhlükəsizlik boşluqlarını son dərəcə yüksək sürətlə aşkarladığını bildirib. Onun sözlərinə görə, şirkətlər bu boşluqlardan sui-istifadənin qarşısını almaq üçün təhlükəsizlik yeniləmələrini hazırlamalı və dərhal tətbiq etməlidirlər.

Bu sürətin şirkətlərə təhlükəsizlik yeniləmələrini sınaqdan keçirmək üçün əvvəlki dövrlərlə müqayisədə daha az vaxt buraxdığına diqqət çəkən Nadella, bunun kifayət qədər yoxlanılmamış, qüsurlu yeniləmələrin istifadəyə verilməsinə səbəb ola biləcəyini qeyd edib.

Satya Nadella süni intellektin təhlükəsizlik zəifliklərini effektiv şəkildə aşkarlaması nəticəsində onlayn sistemlərin özlərini daim hədəfə alan və dövlət dəstəkli hücumçular qədər güclü təhlükə ilə üzləşə biləcəyini bildirib.

Bu vəziyyətin sistemləri daha kövrək hala gətirə biləcəyini vurğulayan Nadella, xüsusilə yenilənməsi daha çətin olan, lakin internetə bağlı işləyən nəqliyyat, isitmə və soyutma sistemləri kimi fiziki infrastrukturlarda problemin daha da mürəkkəbləşə biləcəyini deyib.

Nadella kiberhücum edənlərlə bu hücumlara qarşı mübarizə aparan tərəflər arasındakı rəqabətdə tarazlığın necə qorunacağına dair şübhələrinin olduğunu bildirərək, qlobal infrastrukturları uzunmüddətli qeyri-sabitlik dövrünün gözləyə biləcəyi barədə xəbərdarlıq edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu