Böyük Səhrada tapılan meteoritin itmiş bir planetin sübutu olduğu üzə çıxdı



Günəş sisteminin ilk dövrlərinə işıq tutan nadir bir meteorit milyardlarla il əvvəl məhv olmuş Ay böyüklüyündəki qədim bir planetin varlığını ilk dəfə dəqiq şəkildə ortaya qoyub.

AFN.az xəbər verir ki, Böyük Səhrada kəşf edilən nadir bir kosmik qaya Günəş sisteminin təxminən 4,5 milyard il əvvəlki formalaşma prosesinə dair bildiyimiz qaydaları dəyişən bir həqiqəti gün üzünə çıxarıb.

Elm insanları "NWA 12774" olaraq adlandırılan təxminən yarım kiloqramlıq bu meteoriti araşdırarkən, sistemimizin erkən dövrlərində mövcud olmuş, lakin sonradan tamamilə yox olmuş nəhəng bir planetin ilk qəti sübutlarını əldə ediblər.

Aparılan kimyəvi analizlər bu itmiş dünyanın Günəş sistemi formalaşdıqdan cəmi bir neçə milyon il sonra mövcud olduğunu və planetin yaranmasında tamamilə fərqli bir təkamül yolu keçdiyini göstərir.

Dünya miqyasında tapılan 80 mindən çox meteorit arasında cəmi 68 nümunəsi olan və anqrit olaraq bilinən bu xüsusi daşlar Günəş sisteminin ən qədim vulkanik süxurları arasında yer alır.

Bu meteoritləri sirli edən ən mühüm amil isə onların kimyəvi strukturu idi. Yer və ya Mars kimi qayalıq planetlərdən fərqli olaraq, bu daşlarda planet qabığının əsas komponenti olan silisiumun miqdarı son dərəcə aşağı idi. Bu səbəbdən mütəxəssislər daşların kiçik bir asteroiddən qopduğunu güman edirdilər.

Lakin son araşdırmalarda süxurun tərkibində aşkar edilən alüminiumla zəngin xüsusi kristallar bu daşın nəhəng bir təzyiq altında formalaşdığını isbatlayıb.

Laboratoriya şəraitində aparılan simulyasiyalar meteoritdəki mineralların yarana bilməsi üçün Yerin ən dərin nöqtəsi olan Mariana çökəkliyinin dibindəki təzyiqdən belə 17 dəfədən çox güclü bir təzyiqə ehtiyac olduğunu ortaya qoyub.

Kiçik bir asteroiddə bu dərəcədə yüksək təzyiqin yaranması qeyri-mümkün olduğundan, daşın qopduğu ana gövdənin çox böyük bir kütləyə sahib olmalı olduğu anlaşılıb.

Üstəlik kristalların strukturu bu yüksək təzyiqin planetin dərinliklərində deyil, səthə yaxın dayaz bölgələrdə formalaşdığına işarə edir.

Bütün bu məlumatlar bir araya gətirildikdə, varlığı yeni kəşf edilən itmiş planetin ən azı Ay ölçülərində, bəlkə də Mars böyüklüyündə nəhəng bir quruluşa sahib olduğu hesablanır.

Elm dünyasında böyük həyəcan yaradan bu qədim planetin sonunun nə olduğu isə hələ tam olaraq bilinmir. Tədqiqatçılar Günəş sisteminin hələ körpəlik mərhələsindəykən şahid olduğu şiddətli və xaotik toqquşmalardan birində bu nəhəng dünyanın parçalanmış ola biləcəyini düşünürlər.

Bu yoxluqdan geriyə qalan kiçik parçaların bir hissəsi isə zamanla aralarında Yerin də olduğu digər qayalıq planetlərin strukturuna qarışıb.

Ekspertlər laboratoriya siyirmələrində araşdırılmağı gözləyən bir çox meteoritin olduğunu və bənzər tədqiqatlarla gələcəkdə daha çox itmiş proto-planetin izinə rast gəlinə biləcəyini vurğulayırlar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu