ABŞ İsrailə 2,8 milyard dollarlıq 40 min bomba satmağa hazırlaşır



ABŞ administrasiyasının İsrailə ümumi dəyəri 2,8 milyard dollar olan, hər biri təxminən 1 ton ağırlığında 40 min bomba satmağa hazırlaşdığı bildirilir.

AFN.az xəbər verir ki, “The Washington Post” (WP) qəzeti adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən Donald Tramp administrasiyasının İsrailə son illərin ən böyük silah satışlarından birinə hazırlaşdığını yazıb.

Məlumata görə, ABŞ administrasiyası hər biri təxminən 1 ton ağırlığında olan 20 min MK-8420 min BLU-117 bombasının İsrailə satışına razılıq verib. Eyni paket çərçivəsində 20 min I-2000 Penetrator döyüş başlığının satışına da icazə verilməsi gözlənilir.

ABŞ Konqresinin komitələrinə satışla bağlı qeyri-rəsmi bildirişin verildiyi, yaxın vaxtlarda isə rəsmi bildirişin göndəriləcəyi qeyd olunub.

Baş tutacağı təqdirdə bunun son illərdə bir dəfəyə həyata keçirilən ən böyük sursat satışlarından biri olacağı və paketinin ümumi dəyərinin 2,8 milyard dollar təşkil etdiyi bildirilir.

İsrailin Qəzzada dəfələrlə istifadə etdiyi MK-84 bombaları yüksək dağıdıcı gücü ilə tanınır. “The Washington Post”un məlumatına görə, bu bombaların partlaması nəticəsində metal parçaları minlərlə fut məsafəyə yayıla, bomba metal və qalın betonu deşə, həmçinin torpaqda böyük kraterlər yarada bilər.

Qəzetə açıqlama verən və adı açıqlanmayan ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi “Bütün xarici silah satışları müvafiq prosedurdan keçir. Hələ yekunlaşmamış satışlarla bağlı şərh vermirik” deyib.

2025-ci ildə Tramp administrasiyası Konqresin adi nəzarət prosedurunu keçmədən İsrailə 2,04 milyard dollarlıq silah satışını təsdiqləmişdi. Həmin satış Konqresdə Demokratlar və Respublikaçılar arasında müzakirələrə səbəb olmuşdu.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu