ABŞ Hindistana 428 milyon dollarlıq silah satışını təsdiqlədi
ABŞ Dövlət Departamenti Hindistana "Apache" helikopterlərinin texniki xidmət və dəstək xidmətləri ilə əlaqədar avadanlıqlarının, həmçinin "M777A2" ultra yüngül haubitsalarının satışı barədə qərarı təsdiqləyib.
AFN.az xəbər verir ki, ümumi dəyəri 428,2 milyon dollar olan bu hərbi tədarüklə bağlı rəsmi bəyanat ABŞ Dövlət Departamenti tərəfindən yayılıb.
Qurumun açıqlamasında qeyd olunur ki, "Apache" helikopterlərinin texniki dəstək xidmətləri və müvafiq avadanlıqlarının satışını nəzərdə tutan müqavilənin təxmini ümumi dəyəri 198,2 milyon dollar təşkil edir.
Nazirliyin digər bəyanatında isə Hindistana təxmini dəyəri 230 milyon dollar olan "M777A2" ultra yüngül haubitsalarının satışına icazə verildiyi diqqətə çatdırılır.
Hər iki açıqlamada vurğulanır ki, təklif olunan bu silah satışları ABŞ ilə Hindistan arasındakı strateji münasibətləri daha da möhkəmləndirəcək, Hindistanın mövcud və gələcək təhdidlərlə mübarizə imkanlarını genişləndirəcək, eyni zamanda ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik hədəflərinə xidmət edəcək.
Digər tərəfdən, Hindistan Müdafiə Nazirliyi 27 martda yaydığı məlumatda Rusiyadan yeni "S-400" hava hücumundan müdafiə sistemlərini də əhatə edən 25 milyard dollarlıq yeni hərbi satınalma planını təsdiqlədiyini bildirmişdi.
Yeni Dehli 2018-ci ildə Rusiya ilə 5,3 milyard dollarlıq "S-400" müqaviləsi imzalamış, lakin nəzərdə tutulan 5 sistemdən 2-si hələ də təhvil verilməmişdi.
Beləliklə, Rusiyadan "S-400" raketləri almasına baxmayaraq, Hindistanın ABŞ ilə hərbi sahədəki əməkdaşlığı aktiv şəkildə davam edir.


