Danimarka: Rusiya hərbi gəmisindən helikopterimizə iki siqnal fişəngi atılıb



Danimarka Baltik dənizində hərəkət edən Rusiya hərbi gəmisinin onu müşayiət edən Danimarka hərbi helikopterinə iki siqnal fişəngi atdığını açıqlayıb.

AFN.az xəbər verir ki, Danimarka hökuməti bazar ertəsi rutin müşahidə əməliyyatı zamanı baş verən hadisə ilə əlaqədar Rusiyanın səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Baş nazir Mette Frederiksen Rusiyanın davranışını düşüncəsiz adlandıraraq bunun qorxutmaq məqsədi daşıdığını bildirib.

Rusiya hadisə ilə bağlı hərtərəfli araşdırma aparılacağını açıqlayıb, lakin Danimarka helikopterlərinin Rusiya hərbi gəmilərinin yaxınlığında təhlükəli manevrlər etdiyini iddia edib.

Hadisə NATO qüvvələrinin Litva səmasında pilotsuz uçuş aparatını vurduğu gün baş verib.

Danimarka Silahlı Qüvvələrinin açıqlamasında bildirilib ki, Gedser sahillərində beynəlxalq sularda yerləşən Rusiya freqatına qarşı həyata keçirilən rutin fotoçəkiliş əməliyyatı zamanı Fennec tipli helikopterə siqnal fişəngi atılıb.

Helikopterə atılan iki fişəngdən birinin helikopterin yaxınlığından keçdiyi qeyd olunub.

Danimarka Xarici İşlər Nazirliyi hadisəni tamamilə qəbuledilməz adlandırıb.

Xarici işlər naziri Lars Löke Rasmussen Rusiyanın məqbul davranış sərhədlərini tədricən aşdığını bildirərək bunu qəbul etməyəcəklərini vurğulayıb.

Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin Moskvanın hadisənin bütün təfərrüatlarını ətraflı araşdıracağını bildirib. O, Danimarka helikopterinin təxribat xarakterli hərəkətlər etdiyini iddia edib.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sosial media hesabında Rusiyanın davranışını düşüncəsiz və təhlükəli adlandırıb.

Bu hadisənin Litva üzərində baş verən PUA insidenti ilə birlikdə Avropaya qarşı daha geniş Rusiya təcavüzü və təxribatları nümunəsinin bir hissəsi olduğu bildirilib.

Danimarkanın müdafiə naziri Yeppe Brüs freqatın ekipajının helikopterlərlə əlaqə yaratmağa çalışmadığını söyləyib.

Digər tərəfdən, NATO qırıcıları Litva hava məkanına daxil olan pilotsuz uçuş aparatını vurub.

Rəsmilər PUA-nın çərşənbə axşamı gecə yarısından bir qədər əvvəl Belarus ərazisi üzərindən ölkənin cənubuna daxil olduğunu bildiriblər.

Litvanın Milli Böhranların İdarəolunması Mərkəzi PUA-nın mənşəyinin hələ müəyyənləşdirilmədiyini açıqlayıb. Ölkə prezidenti isə son aylarda Rusiyanın artan təcavüzünə diqqət çəkib.

Litva cənub və şərq sərhədinin böyük hissəsini Rusiyanın əsas müttəfiqi olan Belarusla bölüşür.

Polşa da bazar ertəsi gecə Rusiya Federasiyasına məxsus pilotsuz uçuş aparatlarının Ukrayna ərazisinə hücumları səbəbilə hava məkanında qabaqlayıcı aviasiya əməliyyatlarının həyata keçirildiyini açıqlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu