Danimarka Silahlı Qüvvələri Qrenlandiyada NATO ilə birgə fəaliyyətini genişləndirir
Danimarka Silahlı Qüvvələri Qrenlandiyada öz mövcudluğunu artırır və NATO müttəfiqləri ilə sıx əməkdaşlıq şəraitində hərbi təlimləri davam etdirir.
Bu barədə ada hökumətinin rəsmi saytında məlumat verilib. Bildirilib ki, geosiyasi gərginlik Arktikaya da yayılıb, buna görə Qrenlandiya hökuməti və Danimarka Müdafiə Nazirliyi Danimarka Silahlı Qüvvələrinin Arktikada hərbi təlimlərini NATO müttəfiqləri ilə birlikdə aktivləşdirməyə qərar veriblər. 14 yanvardan etibarən təlimlərlə əlaqədar qüvvə və bölmələr bölgədə yerləşdiriləcək. Məqsəd Arktikanın unikal şəraitində hərəkət bacarıqlarını təkmilləşdirmək və alyansın Arktikadakı mövqeyini gücləndirməkdir.
Məlumatda qeyd olunub ki, təlimlər çərçivəsində 2026-cı ildə kritik infrastrukturun qorunması, Qrenlandiya yerli hakimiyyətinə, o cümlədən polisinə yardım, müttəfiq ölkələrin qoşunlarının qəbul edilməsi, Qrenlandiyada və ətrafında qırıcı təyyarələrin yerləşdirilməsi və hərbi-dəniz əməliyyatları yer ala bilər.
Qrenlandiyanın xarici işlər və elmi-tədqiqatlar naziri Viviann Motsfeldt bildirib ki, NATO-da prioritet Qrenlandiya və ətrafının müdafiə və təhlükəsizliyini gücləndirməkdir, bu isə müttəfiqlərlə sıx əməkdaşlıqla təmin olunacaq.
Danimarka müdafiə naziri Troels Lund Poulsen bildirib ki, 2026-cı ildə müttəfiqlərlə sıx əməkdaşlıq şəraitində ölkənin Arktikada fəaliyyət imkanlarını daha da gücləndirmək vacibdir. O vurğulayıb ki, yaxın həftələrdə Danimarka Silahlı Qüvvələri və bir sıra arktik və Avropa müttəfiqləri gücləndirilmiş mövcudluq və təlimlərin praktik icrasını öyrənəcək.
