9 yaşlı uşaq süni intellektlə saxta ilan fotosu yaradaraq 48 saatlıq axtarışa səbəb oldu
İtaliyanın Kastelfidardo şəhərində 9 yaşlı uşağın süni intellekt vasitəsilə yaratdığı saxta piton fotosu yanğınsöndürənlərin və polisin 48 saatlıq axtarış aparmasına səbəb olub.
AFN.az İtaliyanın Sky TG24 nəşrinə istinadən xəbər verir ki, hadisə noyabrın 12-də Ankona vilayətindəki Kastelfidardo şəhərində baş verib.
Uşaq dostunun evində olarkən hamamdakı unitazın fotosunu çəkib və süni intellekt tətbiqindən istifadə edərək görüntüyə unitazdan çıxan iri piton əlavə edib. Daha sonra hazırladığı şəkli evdəki böyüklərə göstərərək hamamda ilan gördüyünü bildirib.
Şəklin həqiqi olduğuna inanan şəxslər yanğınsöndürmə xidmətinə müraciət ediblər. Hadisə yerinə gələn Osimo şəhərinin yanğınsöndürənləri əvvəlcə hamamı, daha sonra evin digər otaqlarını yoxlasalar da, ilanı tapa bilməyiblər.
Pitonun açıq pəncərədən qaçmış və ya evin hansısa boşluğunda gizlənmiş ola biləcəyi ehtimal edilib. Növbəti gün axtarışlara ekzotik heyvanların qorunması ilə məşğul olan Karabinieri Meşə Polisinin CITES bölməsinin əməkdaşları da qoşulublar.
Araşdırma zamanı uşağın telefonundakı ilkin foto yoxlanılıb və görüntünün süni intellekt vasitəsilə hazırlandığı müəyyən edilib. 9 yaşlı uşaq da bunu etiraf edərək zarafat etmək istədiyini bildirib və yaratdığı təşvişə görə üzr istəyib.

